Son günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar Ukrayna-Rusiya münaqişəsi kontekstində böyük diqqət mərkəzindədir. Əvvəlki görüşlər real nəticə verməsə də, Cenevrədə baş tutan danışıqlar əhəmiyyətli irəliləyiş potensialına malikdir.
Politoloq Şahid Əhmədov News365.az-a açıqlamasında İsveçrənin Cenevrə şəhərində baş tutan danışıqları Ukrayna-Rusiya münaqişəsi kontekstində ən geniş və son mərhələ kimi qiymətləndirib.

O bildirib ki, əvvəllər İstanbul və digər şəhərlərdə keçirilmiş görüşlər real nəticə verməsə də, Cenevrədə vəziyyət fərqlidir.
Əhmədovun sözlərinə görə, danışıqlarda Donald Trumpın təşəbbüsü ilə hazırlanmış 28 bəndlik “süb-müqavilə”nin şərtləri hələ rəsmi açıqlanmasa da, bəzi media qurumları onun müddəalarını ictimaiyyətə sızdırıb. Burada əsas məsələ Ukraynanın ərazi güzəştlərinə getməsi və qalan hissəsinin suverenliyinin təmin edilməsidir.
“Bu süb-müqavilənin məqsədi Ukraynanın bir hissəsinin torpaq güzəşti verməsi ilə qalan ərazilərin suverenliyini təmin etməkdir. Avropa liderləri isə Trumpın bu 28 bəndlik planını Rusiyanın siyasi istəkləri kimi qəbul edirlər”, – Şahid Əhmədov bildirib.