Almaniyada 2022-ci ildə lotereyadan 9,9 milyon avro qazanaraq “Mən milyonçuyam” sözləri ilə gündəmə gələn türkiyəli Kürşat Yıldırımın “Ferrari” markalı bahalı avtomobili silahlı hücuma məruz qalıb.
Hadisə 7 oktyabr axşamı baş verib. Naməlum şəxslər Yıldırımın avtomobilinə 8 güllə açıblar. Hücum zamanı avtomobil küçədə park vəziyyətində olub.
Məlumata görə, “Ferrari” bir gün əvvəl servisdən çıxmış, sahibi onun təmirinə 13 min avro xərcləmişdi. Görgü şahidləri gecə saat 23:00 radələrində silah səsləri eşitdiklərini və sonra hadisə yerindən qaçan şəxslərin ayaq səslərini duyduqlarını bildiriblər.
Hadisə ilə bağlı Almaniyanın Wa.de xəbər portalı polisə istinadən yazır ki, 44 yaşlı Kürşat Yıldırımın ifadəsi alınıb, avtomobil isə balistik ekspertiza üçün polis tərəfindən müsadirə olunub.
Yıldırımın sözlərinə görə, avtomobilə dəymiş zərərin miqdarı təxminən 200 min avrodur. O, sosial şəbəkə hesabında hadisəyə münasibət bildirərək yazıb:
“Çox şey gördüm, amma belə birini görməmişdim.”