Livan və İsrail arasında birbaşa danışıqların başlanacağı tarix və məkan hələ müəyyən edilməyib.
Bu barədə Livanın “Ad-Diyar” nəşri mənbələrə istinadən məlumat yayıb.
Buna səbəb bölgədə vəziyyətin yenidən gərginləşməsidir. Mənbələr bildiriblər ki, hazırda İsrailin Baş naziri Benyamin Netanyahu ilə Livan Prezidenti Jozef Aun arasında görüş məsələsi müzakirə olunmur.
Bununla belə, Livan Prezidentinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri istisna edilmir.
Məlumatlı mənbələr həmçinin bildiriblər ki, “Hizbullah” İsraillə danışıqlara qəti şəkildə qarşı çıxır və Livan hakimiyyətini də bu prosesdən imtina etməyə çağırır.
Bu xəbərlər Cənubi Livanda “Hizbullah”ın atəşləri və İsrail ordusunun cavab tədbirləri fonunda bölgədə gərginliyin artdığı bir vaxtda yayılıb.