Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaya Kallas Aİ xarici işlər nazirlərinin iclasına gələrkən diqqət çəkən açıqlama verib. O, deyib ki, Avropa İttifaqı Ukraynaya 40 milyard avro dəyərində yeni yardım tranşının ayrılması təklifini təsdiq etməzdən əvvəl bir çox detallar üzərində razılaşmalıdır.
"Bu qərara ümumi siyasi dəstək var. Lakin hələ razılaşdırılmalı olan bir çox detallar da var. Müdafiə nazirləri də bu məsələ ilə bağlı çıxış etməlidirlər və biz onları dinləmək niyyətindəyik", - o qeyd edib.
Qeyd edək ki, bu mövzuda Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da diqqət çəkən açıqlamalar vermişdi. O, Belçikanın paytaxtına yola düşərkən deyib ki, Macarıstan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Ukraynaya avropalı vergi ödəyiciləri hesabına hərbi yardımın davam etdirilməsinə qarşı çıxış edəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural