Türkiyə Ukraynaya qoşun yeritmək barədə heç bir qərar verməyib. Çünki bunun üçün münaqişənin sülh yolu ilə həlli və tam atəşkəs lazımdır. Bu barədə Rusiya mediası öz mənbələrinə istinadən məlumat yayıb.
“Bu məsələ ilə bağlı heç bir qərar yoxdur”, - agentliyin mənbəsi bildirib.
Martın 13-də Bloomberg agentliyi Türkiyənin Avropa ölkələrinə genişmiqyaslı müdafiə sahəsində əməkdaşlıq planı təklif etdiyini, bu plana Ukraynaya qoşun yeridilməsi də daxil olduğunu yazmışdı.
Martın əvvəlində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə hakimiyyəti Ukraynada sürətli atəşkəs ideyasını dəstəkləyir. Onun sözlərinə görə, Türkiyə Ukrayna ərazisində sülhün bərqərar olmasına, o cümlədən danışıqlar prosesinin aparılmasına hər cür töhfə verməyə hazırdır.
Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın razılığı olmadan Ukraynaya sülhməramlılar göndərə bilər. "Le Parisien" qəzetinin məlumatına görə, müvafiq plan artıq təsdiq olunmaq üzrədir və proseslər son mərhələdədir. Rusiya Xarici İşlər Nazirliyi Makronu Parisi münaqişə tərəfinə çevirməkdə və bunun üçün hər hansı bəhanə tapmağa çalışmaqda ittiham edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural