Astaranın Şiyəkəran kəndinin yolları bərbad vəziyyətdədir - FOTOLAR

Astaranın Şiyəkəran kəndinin yolları bərbad vəziyyətdədir - FOTOLAR
16:10

Son günlər ölkə ərazisinə yağan intensiv yağış və qar suları Astara rayonunun ən böyük kəndlərindən biri olan Şiyəkəranın yollarını bərbad vəziyyətə salıb. Küçələrdə yaranan gölməçələr və palçıq kənd sakinlərinin gündəlik həyatına ciddi çətinliklər yaradır. Xüsusilə məktəblilər üçün məktəbə gedib-gəlmək çətinləşib.

Kənd sakini Kamran Əliyev bildirir ki, yolların vəziyyəti o qədər acınacaqlıdır ki, bəzən maşınla hərəkət etmək mümkün olmur:

“Bura qayıq lazımdır, amma biz maşınla gedirik, nə edək? Kənd mərkəzinə bir dəfə gedib-gəldikdən sonra yollar daha da dağılır. Amma baxan yoxdur.”

Digər sakin Rahil Əliyev isə qeyd edir ki, aidiyyəti qurumlar məsələyə tamamilə biganə yanaşır:

“Yollar bərbad vəziyyətdədir. Elə bil ki, burada insanlar yaşamır.”

Küçələrin bu vəziyyətdə olması ən çox məktəbliləri və sürücüləri çətin vəziyyətə salıb. Sakin Xalidə İbrahimova isə uşaqların məktəbə getməsinin müşkülə çevrildiyini deyir:

“Belə palçıq içində uşağın məktəbə getməyini təsəvvür edin. Məktəbə çatana qədər paltarları tamam çirklənir.”

Kənd sakini Əfrasim Əhədov da vəziyyətin ağır olduğunu vurğulayır:

“İki körpə nəvəm var, onları bağçaya apara bilmirəm. Evdə xəstə olanda təcili yardım belə gəlmir.”

Digər sakin Yaşar Əliyev isə problemin hər fəsildə davam etdiyini bildirir:

“Yayda tozun əlindən tərpənmək olmur, qışda isə palçıqdan. Küçələrimiz, yollarımız bərbad vəziyyətdədir, uşaqlar məktəbə gedə bilmir.”

Rəsmi qurumlar nə deyir?

Şiyəkəran kənd inzibati dairəsi üzrə icra nümayəndəsi Elşad Məcidov isə yaranan vəziyyətə görə sakinlərin özlərini günahlandırır. Onun sözlərinə görə, yolların bu hala düşməsinin səbəbi bəzi sakinlərin qanunsuz hasar tikməsidir:

“Bu yolun uzunluğu 1 km-dən çoxdur. Yolun hər iki tərəfi sakinlər tərəfindən hasarlanıb. Hasarların sökülməsi yalnız məhkəmə yolu ilə mümkündür. Bununla belə, kənddə müəyyən işlər görülür. Bu il üçün nəzərdə tutulmuş plana əsasən, 1 saylı tam orta məktəbdən Yunus müəllimin evinin yanına qədər 500 metr məsafəyə asfalt örtüyü çəkiləcək. Bundan başqa, Pensərdən İpək yoluna qədər olan 6 km-lik yolun asfaltlanması da planlaşdırılır.”

İcra nümayəndəsi əlavə edib ki, kəndin bütün yollarının asfaltlanması nəzərdə tutulub və bunun üçün lazımi vəsait ayrılan kimi işlərə başlanılacaq.

Sakinlər isə aidiyyəti qurumlardan daha qısa müddətdə konkret addımlar atılmasını gözləyirlər.


Sizin reklam burada
Sizin reklam burada