Danimarka XİN: "Putinin sözləri ümid yaratmır”

Danimarka XİN: "Putinin sözləri ümid yaratmır”
14:05

Danimarkanın xarici işlər naziri Lars Rasmussen Ukraynada müvəqqəti atəşkəslə bağlı nikbin olmadığını deyib. Çünki Rusiya lideri Vladimir Putinin bu təklifə hələ real cavab verməyib. Onun sözlərini TV2 sitat gətirib.


Nazir Rusiyanın atəşkəs təklifinə dəqiq cavab verməməsinin yaxşı əlamət olmadığını bildirib.

“Ukrayna Amerikanın atəşkəs ideyası ilə razılaşdı. Bu razılıq çoxdan olub və hələ də Putindən cavab almamışıq. Bu, özlüyündə prosesə çox da ümid yaratmır. Təbii ki, o, məni hələ də təəccübləndirə bilər. Məncə, oturub müsbət sürpriz gözləmək düzgün olmazdı...”,- Rasmussen bildirib.

Tramp bundan əvvəl Rusiya lideri Putinlə çərşənbə axşamı danışmağı planlaşdırdığını demişdi.

Qeyd edək ki, Tramp prezident seçiləndən sonra Ukrayna cəbhəsində vəziyyət Kremlin xeyrinə dəyişib.

Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın son mərhələsinə çatdığını bildirib.

Putin isə Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Bir neçə gün öncə isə Rusiya prezidenti Vladimir Putin de-fakto Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun təklifini rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşdığını desə də, “nüanslar” olduğunu bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada