Son günlər bir sıra bölgələrdə arı təsərrüfatlarında gənə xəstəliyi yayılıb. Xəstəlik xüsusilə Qax və Oğuz rayonlarında kütləvi tələfata səbəb olub. Arıçılar bildirirlər ki, vaxtında tədbir görülməzsə, təsərrüfatlar ciddi ziyanla üzləşəcək.
Mütəxəssislərin sözlərinə görə, gənələr işlək arıların üzərinə yapışaraq arı ailəsinə daxil olur və qısa müddətdə koloniyanı məhv edir. Xəstəlik arıçılıq təsərrüfatlarının 50 faizinə zərbə vurur.
Arıçı Dağlar Mehdiyev hesab edir ki, gənə xəstəliyinə qarşı kütləvi mübarizə aparılmasa, bir neçə ilə arıçılığın inkişafı 50 faiz azalacaq.
Arıçı Kamran Seydəlinin sözlərinə görə isə, xəstəliklə mübarizə aparmaq üçün arıçılar innovativ üsullardan istifadə etməlidirlər:
“Qarışqa turşusu və izolyatorlardan istifadə etməklə gənələrin çoxalmasının qarşısını almaq mümkündür.”
Arıçı Səxavət Əliyev isə bildirir ki, bəzi bölgələrdə arı itkiləri 50-70 faiz arasında dəyişir. Onun sözlərinə görə, bunun əsas səbəbləri keyfiyyətli dərmanların azlığı və mütəxəssis çatışmazlığıdır. O vurğulayıb ki, gənəyə qarşı avqust ayında mübarizə aparılmalıdır.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov hesab edir ki, gənədən qorunmağın əsas yollarından biri ana arıların müəyyən mövsümdə sürfə qoymasını məhdudlaşdırmaqdır.
“Bunun üçün xüsusi izolyatorlardan istifadə olunmalıdır. Eyni zamanda, gənəyə qarşı mövcud dərmanlar bu xəstəliyə də təsir edir. Ümid edirik ki, arıçılarımız bu problemi də həll edə biləcəklər.” – deyə Həsrətov bildirib.
Mütəxəssislər qeyd edirlər ki, arıçılıq təsərrüfatlarında seleksiya işlərinin aparılması üçün ixtisaslı kadrların çatışmazlığı da ciddi problemlər yaradır."