Keçmiş məcburi köçkünlərə verilən evlər onların mülkiyyətinə keçəcək

Keçmiş məcburi köçkünlərə verilən evlər onların mülkiyyətinə keçəcək
11:07

İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərə verilən yaşayış sahələri bundan sonra mülkiyyət hüququ əsasında təqdim olunacaq.

Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında""Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara edilən dəyişiklikləri təsdiqləyib.

Qanunvericiliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılacaq. Fondun balansında olan yaşayış sahələri artıq vətəndaşlara icarə müqaviləsi ilə deyil, mülkiyyət hüququ əsasında veriləcək. Bu qayda həm yeni köçürüləcək keçmiş məcburi köçkünlərə, həm də işğaldan azad edilmiş ərazilərdə artıq yaşayış sahəsi əldə etmiş şəxslərə şamil olunacaq.

Dəyişikliklərlə məcburi köçkün statusunun hansı hallarda başa çatacağı da dəqiqləşdirilib. Belə ki, şəxs işğaldan azad edilmiş ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya dövlət tərəfindən təklif edilən bu imkandan imtina etdikdə onun məcburi köçkün statusuna xitam veriləcək.

Qanuna edilən digər mühüm dəyişiklik sosial müdafiə tədbirləri ilə bağlıdır. Yeni qaydalara əsasən, məcburi köçkün statusunu itirən şəxslərə göstərilən sosial dəstək dərhal dayandırılmayacaq. Bu tədbirlər statusun itirildiyi tarixdən etibarən daha 3 il davam etdiriləcək.

Prezidentin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti Mənzil Məcəlləsinin 108-1-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə köçürülmə və həmin mənzillərin mülkiyyətə verilməsi qaydasını 4 ay müddətində hazırlayıb dövlət başçısı ilə razılaşdırdıqdan sonra təsdiq etməlidir.

Qanunvericiliyə edilən dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmanın sürətləndirilməsi, vətəndaşların əmlak hüquqlarının təmin olunması və sosial müdafiə mexanizmlərinin daha dəqiq tənzimlənməsinə xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada