Keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda adı hallanan keçmiş həbsxana həkimi Turgay Tamer İstanbuldakı evində ölü tapılıb.
News365,az “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə İstanbulun Büyükçekmece rayonunda qeydə alınıb.
Məlumata görə, Tamerin 12 gün əvvəl xaricə gedən həyat yoldaşı Marina Tamer evə qayıtdıqda ərini yerdə hərəkətsiz vəziyyətdə tapıb. Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırmalardan sonra keçmiş həkimin ölümü şübhəli hesab edilib. Turgay Tamerin cəsədi dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası Qurumuna (Adli Tıp) göndərilib.
Xatırladaq ki, keçmiş həbsxana həkimi T. Tamer daha əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həbsxanada müəmmalı şəkildə vəfat edən əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmış, daha sonra isə buraxılmışdı.