İxtisas seçiminə süni intellekt ƏNGƏLİ – 4-5 il SONRA...

İxtisas seçiminə süni intellekt ƏNGƏLİ – 4-5 il SONRA...
13:31

“Bəzən təəssüf ki, abituriyentlər ixtisas seçimində öz maraq və qabiliyyətlərini deyil, başqalarının təsiri ilə dəbdə olan ixtisasları seçirlər”.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “ASAN Radio”ya açıqlamasında deyib.

DİM sədri bildirib ki, bəzi hallarda riyaziyyatdan zəif nəticə göstərən abituriyentlər belə birinci ixtisas qrupunu seçirlər:

“Çox güman ki, bunun səbəbi həmin qrupda plan yerlərinin çox olması və qəbul ehtimalının daha yüksək görünməsidir. Lakin ixtisas seçimi zamanı yalnız bugünkü vəziyyəti deyil, əmək bazarının 4-5 ildən sonrakı perspektivini də nəzərə almaq vacibdir. Əmək bazarı sürətlə dəyişir və yaxın gələcəkdə bəzi sahələrdə insan əməyini süni intellekt əvəz edəcək”.

Məleykə Abbaszadənin bu fikirləri yenidən “gələcəyin peşələri” məsələsini gündəmə gətirib. Bəs abituriyentlər ixtisas seçərkən nələrə diqqət etməlidirlər? Hansı sahələr yaxın illərdə daha perspektivli olacaq?

elcin.jpg (70 KB)


Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir çox hallarda seçim prosesi yanlış istiqamətdə aparılır:

“Təəssüf ki, bəzi abituriyentlər kor-təbii şəkildə seçim edirlər. Bəzən valideynlərin təsiri ilə, bəzən də “dırnaqarası” mütəxəssislərin yönləndirməsi ilə ixtisas seçirlər. Həmin şəxslərin əsas məqsədi abituriyenti hansısa universitetə yerləşdirmək olur. Bu isə nəticədə gəncin taleyi ilə oynamaq deməkdir”.

Ekspert hesab edir ki, seçim zamanı təkcə bugünkü əmək bazarına deyil, gələcəyin tələblərinə baxmaq lazımdır:

"Bu gün populyar görünən bəzi ixtisaslar 4-5 ildən sonra aktuallığını itirə bilər. Süni intellekt və avtomatlaşdırma bir çox sahələrdə insan əməyini əvəz etməyə başlayacaq. Ona görə də gələcəyin ixtisaslarına üstünlük vermək vacibdir".

Elçin Əfəndi bildirib ki, valideynlər və abituriyentlər seçim prosesinə peşəkar yanaşmalıdırlar:

"İxtisas seçimi ilə bağlı uzun illər təcrübəsi olan mütəxəssislərlə məsləhətləşmək lazımdır. Əmək bazarını yaxşı analiz edən insanlar hansı sahələrin uzunmüddətli perspektivdə daha çox ehtiyac duyulacağını daha düzgün müəyyən edə bilirlər".

Ekspert gələcəkdə daha perspektivli hesab olunan ixtisasları da sadalayıb. Onun sözlərinə görə, I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kimya mühəndisliyi, nəqliyyat mühəndisliyi, aqronomluq və aqromühəndislik kimi sahələrə ehtiyac artacaq. II ixtisas qrupu üzrə maliyyə, biznesin idarə edilməsi, beynəlxalq ticarət və logistika, eləcə də pedaqoji ixtisaslar gələcəkdə də aktual olacaq. III ixtisas qrupunda hüquqşünaslıq və tərcümə sahəsi ilə yanaşı, xüsusilə Çin, Yaponiya və Koreya istiqamətləri üzrə dil mütəxəssislərinə tələbatın artacağı bildirilir. IV ixtisas qrupu üzrə isə tibb, stomatologiya, tibbi biologiya, biotexnologiya, ekologiya və kənd təsərrüfatı yönümlü ixtisaslar ön plana çıxır.V ixtisas qrupunda isə dizayn, idman, musiqi və sənət istiqamətli ixtisasların gələcəkdə də aktuallığını qoruyacağı qeyd olunur”

Ekspert hesab edir ki, düzgün seçim edən abituriyentlər gələcəklərini müəyyən mənada indidən sığortalamış olurlar: "Bu ixtisaslar əmək bazarında uzunmüddətli perspektiv vəd edən sahələrdir. Ona görə də seçim mərhələsində tələsmək və başqalarını təkrarlamaq yox, gələcəyi düşünmək lazımdır".


Sizin reklam burada
Sizin reklam burada