Körpələrin sağlamlığı və ətraf mühit gigiyenası hər bir valideyn üçün ən həssas mövzulardan biridir. Xüsusilə ilk aylarda və illərdə uşaqların immun sistemi tam formalaşmadığı üçün oyuncaqların üzərində toplanan bakteriya, virus, toz və tüpürcək qalıqları ciddi infeksiyalara yol aça bilər.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabındakı canlı yayımda K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova mühüm tapşırıqlar verib.
News365.az həmin faydalı tövsiyələri təqdim edir:
Pediatr bildirib ki, diş çıxaran körpələr demək olar ki, hər bir əşyanı ağızlarına apardıqları üçün təmizlik qaydalarına ciddi riayət olunmalıdır:
Plastik və silikon oyuncaqlar: Hər gün mütəmadi olaraq yuyulmalıdır.
Təcili yuyulma şərtləri: Oyuncaq yerə düşdükdə, başqa bir uşaq toxunduqda, həmçinin körpə qrip, bağırsaq infeksiyası və ya ağız yarası (stomatit və s.) keçirdikdə dərhal dezinfeksiya edilməlidir.
Gülnarə İlyasova valideynləri kimyəvi vasitələrdən uzaq durmağa çağırıb:
"Oyuncaqları yuyarkən ən təhlükəsiz üsul ilıq su və uşaqlar üçün nəzərdə tutulmuş yumşaq sabundan istifadə etməkdir. Yuyulduqdan sonra oyuncaqlar çox yaxşı durulanmalı və tam qurudulmalıdır. Güclü dezinfeksiyaedici kimyəvi maddələrdən tez-tez istifadə etmək olmaz, çünki onların qalıqları ağız yolu ilə uşağın orqanizminə daxil ola bilər."
Ekspert parça və nəm qalan oyuncaqların yaratdığı riskləri də xüsusi vurğulayıb:
Parça oyuncaqlar: Toz, allergen və mikrobları daha çox özündə saxladığı üçün həftədə bir dəfə mütləq yuyulmalı və tam qurudulmalıdır.
Kif və göbələk riski: Yuyulduqdan sonra daxilində və ya səthində nəm qalan oyuncaqlarda sürətlə kif və göbələk inkişaf edə bilər ki, bu da uşaq orqanizmi üçün birbaşa təhlükədir.