Fransada meteoroloji müşahidələr tarixində rekord istilik qeydə alınıb.
News365.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ölkənin bir sıra bölgələrində temperatur son dərəcə təhlükəli həddə yüksəlib.
Pissos şəhərində havanın temperaturu 44,3°C-yə çatıb. Ölkə üzrə orta gündəlik temperatur isə 29,8°C olub ki, bu da müşahidələr tarixində ən yüksək göstərici kimi qeydə alınıb.
Gecə saatlarında da rekord yenilənib – orta temperatur 21,6°C təşkil edib. Bu isə əhalinin sağlamlığı və infrastruktur üzərində əlavə yük yaradıb.
Nəşrin məlumatına görə, həddindən artıq istilər enerji sistemində də ciddi problemlərə səbəb olub. Çay sularının həddən artıq isinməsi səbəbindən atom elektrik stansiyalarının fəaliyyəti məhdudlaşdırılıb, Bretan bölgəsində 68 min nəfər elektriksiz qalıb. Ölkənin 58 departamentində isə “qırmızı təhlükə” səviyyəsi elan edilib.
Böyük Britaniyada da vəziyyət oxşardır. Havanın temperaturu 34,6°C-yə yüksəlib, Londonda isə 37°C-yə qədər istilər gözlənilir. Təxminən 1800 məktəb bağlanıb, 8000 məktəb isə iş qrafikini dəyişib.
Parisdə Eyfel qülləsi və Luvr muzeyi də daxil olmaqla bir sıra turistik obyektlər iş saatlarını məhdudlaşdırıb.
Avropanın bir çox ölkəsində davam edən istilər quraqlıq və meşə yanğınları riskini artırır, eyni zamanda enerji və infrastruktur sistemlərinə ciddi təzyiq göstərir.