Almaniyada yeniyetmə və gənclər arasında narkotik istifadəsi ilə bağlı narahatedici statistika açıqlanıb. Federal İctimai Səhiyyə İnstitutunun apardığı son araşdırma ölkədə xüsusilə gənc nəsil arasında narkotik maddələrə marağın artdığını göstərir.
News365.az “Die Zeit” nəşrinə istinadən xəbər verir ki, 12-17 yaşlı yeniyetmələr arasında narkotik istifadə edənlərin payı illər ərzində yüksələrək 1,5 faizdən 2,5 faizə çatıb.
Araşdırmanın nəticələrinə əsasən, 18-25 yaş qrupunda vəziyyət daha ciddi görünür. Sorğuda iştirak edən gənclərin 18,7 faizi həyatında ən azı bir dəfə narkotik maddədən istifadə etdiyini etiraf edib. Müqayisə üçün qeyd olunur ki, 2023-cü ildə bu göstərici 13,5 faiz idi.
Məlumatda kişilər arasında narkotik istifadəsinin qadınlarla müqayisədə xeyli yüksək olduğu vurğulanır. Belə ki, gənc kişilərin təxminən dörddə biri narkotikdən istifadə etdiyini bildirib.
Tədqiqat 12-25 yaş arasında olan 7001 nəfər arasında keçirilib.
Federal Narkotik Komissarı Hendrik Streck artan göstəricilərin əsas səbəblərindən birinin narkotik vasitələrə çıxış imkanlarının asanlaşması olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə kokain istifadəsində müşahidə olunan artım ciddi narahatlıq doğurur.
Rəsmi statistikaya əsasən, 2015-ci ildə 18-25 yaşlı gənclərin yalnız 1,2 faizi kokain istifadə etdiyini bildirirdisə, hazırda bu rəqəm 4,1 faizə yüksəlib.
News365.az