TƏBİB-dən Fərhad Mehdiyevin iddialarına - CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin iddialarına - CAVAB
17:10

TƏBİB vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı ittihamlarını cavablandırıb.

News365.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb:

“Dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub”.

Daha sonra qeyd olunub ki, ilkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib:

“Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib. Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.

Xatırlatma: vəkil Fərhad Mehdiyev mərhum qızı Zəhranın qəzadan sonra baş verənlərlə bağlı bir sıra ciddi iddialar səsləndirib. O, hadisə yerinə təcili tibbi yardım göndərilmədiyini, xəstəyə lazımi tibbi müdaxilələrin edilmədiyini və reanimasiya tədbirlərinin yetərli olmadığını iddia edib.

Hadisə ayın 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

***

Vəkil, professor Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O, xəstəxana heyətinin səhlənkarlığı olduğunu iddia edib.

News365.az xəbər verir ki, hüquqşünas qızının qəzadan sonra 3 saat 40 dəqiqə ərzində ürəyinin döyündüyünü, lakin tibbi personalın ilkin dəqiqələrdən etibarən prosesi düzgün idarə etmədiyini bildirib. O, xəstəxananın maddi-texniki bazası və həkimlərin yanaşması ilə bağlı bir neçə ciddi nöqsanı ictimailəşdirib.

Fərhad Mehdiyev qeyd edib ki, hadisə yeri Abşeron RMX-dən cəmi 300-400 metr aralıda olsa da, yaralı uşağı götürmək üçün heç bir təcili yardım maşını göndərilməyib. Nəticədə, hadisə şahidləri yarılıya boyun korseti taxmadan, qeyri-peşəkar şəkildə onu taksiyə qoyaraq xəstəxanaya çatdırıblar:

"Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac yox idi. TTY maşını sürət yolunun sağındakı əlavə yolda siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi. Hadisə yerinə paralel saxlayıb, uşağa boyun korseti taxmaqla xərəyə köçürə və dəmir jaluzilərin üzərindən keçirməklə xəstəxanaya çatdıra bilərdilər. Həmin köməkçi yolda Sumqayıt istiqamətində hərəkət belə dayandırıla bilərdi. TTY işini belə qurmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır".

Hüquqşünas əlavə edib ki, TTY briqadası hadisə yerində xəstənin vəziyyətini dərhal qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, ehtiyac varsa, ilk dəqiqələrdən intubasiya və infuziya tədbirlərini həyata keçirməli idi.

Atanın sözlərinə görə, uşağın sol bud sümüyündə açıq qırıq olub və o, həddindən artıq qan itirib. Paltarlarına baxdıqda belə, itirilən qanın miqdarını anlamaq mümkün olsa da, xəstəxanada ona heç bir qan köçürülməsi həyata keçirilməyib.

F. Mehdiyev qızının zədələrinin ağır və çoxsaylı olduğunu qəbul etsə də, həkimlərin onun həyatı üçün mübarizə aparmadığını iddia edib:

"Mən anlayıram ki, Zəhranın aldığı zədələr çoxlu və ağır idi. Amma belə anlayıram ki, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.

Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan eləsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər. Çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT (kompüter tomoqrafiyası) aparatının işləmədiyini qeyd etmişdim".

Hüquqşünas sonda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edərək, Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki bazasının yenilənməsini və personal üçün peşəkar təlimlərin artırılmasını tələb edib. O vurğulayıb ki, bədbəxt hadisələr zamanı ilkin müdaxilənin düzgün aparılması həyat xilas edir və geniş bir əraziyə xidmət göstərən bu xəstəxanada xidmətin düzgün qurulması ciddi əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada