Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı ilə bağlı maraqlı fikir səsləndirilib.
News365.az xəbər verir ki, təhsil eksperti bildirib ki, Azərbaycan yazıçıları arasında Nobel mükafatına ən çox yaxınlaşan isimlərdən biri məhz Yusif Vəzir Çəmənzəminli olub.
Ekspert gənc yazar Ramil Əhmədin bu barədə səsləndirdiyi fikri də diqqətəlayiq hesab edib:
“Gənc istedadlı yazar Ramil Əhməd maraqlı bir fikir söyləyib. Deyib ki, Azərbaycan yazıçılarından ən çox Nobel mükafatına yaxınlaşan böyük Azərbaycan yazıçısı və mütəfəkkiri Yusif Vəzir Çəmənzəminli olub. İlk dəfədir ki, belə rasional fikirlə rastlaşıram. Tamamilə haqlıdır”.
Ekspertin sözlərinə görə, Çəmənzəminlinin yaradıcılığı Alfred Nobelin mükafatın verilməsi ilə bağlı irəli sürdüyü prinsiplərə uyğun gəlir.
“Çəmənzəminlinin əsərləri Alfred Nobelin qoyduğu tələbə uyğundur: ‘Əsərlərində məhdud praqmatik dəyərləri deyil, ideal yönümlü mühüm əsərlər yaradan sənətkara verilsin’”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı Azərbaycan cəmiyyətində də kifayət qədər tanınmır:
“Çox təəssüf ki, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı ilə biz özümüz də yaxşı tanış deyilik. Çox nəhəngdir!”
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, yazıçı, dramaturq, publisist və diplomat kimi də fəaliyyət göstərib.