ABŞ-da 2009-cu ildə “Fort Hud” hərbi bazasında 13 nəfərin ölümü və 32 nəfərin yaralanması ilə nəticələnən silahlı hücuma görə ölüm cəzasına məhkum edilmiş keçmiş hərbçi Nidal Malik Həsənin edam tarixi müəyyənləşib.
News365.az xəbər verir ki, ABŞ Ordusunun rəhbərliyinin açıqlamasına əsasən, Həsən dekabrın 3-də Texas ştatındakı “Fort Hud” hərbi bazasında güllələnmə üsulu ilə edam ediləcək.
ABŞ Ordusunun katibinin səlahiyyətlərini icra edən Adam Telle bildirib ki, edam yerli vaxtla saat 13:00-da həyata keçiriləcək. Qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqləndiyi açıqlanıb.
Bu edam ABŞ ordusu tarixində uzun fasilədən sonra həyata keçiriləcək ilk hərbi edam olacaq. Məlumata görə, sonuncu hərbi edam 1961-ci ildə baş tutub. Güllələnmə üsulu ilə son hərbi edam isə İkinci Dünya müharibəsi dövründə, 1945-ci ildə həyata keçirilib.
Hadisə 2009-cu ildə baş verib
Nidal Malik Həsən ABŞ Ordusunda mayor və psixiatr kimi xidmət edib. O, 2009-cu il noyabrın 5-də “Fort Hud” hərbi bazasında hərbçilərin tibbi müayinəyə hazırlaşdığı ərazidə atəş açıb.
Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Həsən daha sonra hərbi məhkəmə tərəfindən əvvəlcədən planlaşdırılmış qətl və qətlə cəhd ittihamları üzrə təqsirli bilinərək 2013-cü ildə ölüm cəzasına məhkum edilib.
Həsənin edamının məhz “Fort Hud” bazasında həyata keçirilməsi də diqqət çəkir. Çünki sözügedən hərbi bazası onun 2009-cu ildə silahlı hücumu törətdiyi məkandır.
ABŞ rəsmilərinin məlumatına görə, ölüm hökmünün icrası üçün güllələnmə üsulunun seçilməsi müdafiə naziri Pit Heqsetin tövsiyəsi əsasında prezident Donald Tramp tərəfindən təsdiqlənib.
Həsənin iş üzrə hüquqi prosesləri uzun illər davam edib. Onun ölüm hökmünün icrası ABŞ-da hərbi edamların yenidən gündəmə gəlməsi baxımından da diqqət çəkən hadisə hesab olunur.