Qarğaların 300 il yaşadığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Elmi araşdırmalara görə, bu quşların ömrü növündən və yaşadığı şəraitdən asılı olaraq dəyişir. Bəzi qarğalar təbiətdə on ildən artıq, əlverişli şəraitdə isə daha uzun müddət yaşaya bilir.
News365.az xəbər verir ki, qarğaların əsrlərlə yaşaması barədə iddiaların elmi əsası yoxdur. Mütəxəssislərin məlumatlarına əsasən, qarğaların ömrü təbii mühitdə yırtıcılar, xəstəliklər, qida çatışmazlığı və digər təhlükələrdən asılıdır.
Bununla belə, qarğalar bir çox quş növü ilə müqayisədə uzunömürlü hesab olunur. Elmi tədqiqatlarda qarğakimilər fəsiləsinin bəzi nümayəndələrinin qeydə alınmış maksimal ömür göstəricilərinin 17 ildən çox olduğu bildirilir. tərəfindən yayımlanan məlumatlarda isə halqalanaraq izlənilən Amerika qarğalarından birinin təxminən 30 il yaşadığı qeyd olunur.
Qarğaların diqqət çəkən xüsusiyyətlərindən biri də yüksək intellektə malik olmalarıdır. Onlar mürəkkəb problemləri həll edə, insan simalarını tanıya və öyrəndikləri məlumatlardan sonradan istifadə edə bilirlər.
Alimlərin fikrincə, qarğaların uzunömürlülüyü onların biologiyası, qidalanması, sosial davranışları və ətraf mühitə uyğunlaşma qabiliyyəti ilə əlaqəlidir. Lakin bu xüsusiyyətlərin heç biri onların 300 il yaşadığını təsdiqləmir.