Vətəndaş Seyidov Cavid Əmirağa oğlu “Şərur MTK” rəhbərliyindən şikayət edib. O bildirib ki, qardaşı 2019-cu ildə şirkətin Yeni Yasamalda yerləşən yaşayış kompleksindən 77 kvadratmetrlik mənzil alıb. Şikayətçinin sözlərinə görə, qardaşının səhhətində yaranan problemlər və maddi çətinliklər səbəbindən ödənişlərdə gecikmələr olub. Daha sonra mənzildən imtina edərək ödədikləri vəsaiti geri almaq istəsələr də, onların iddiasına görə, məbləğin bir hissəsi qaytarılmayıb.
Cavid Seyidov həmçinin bildirib ki, mənzilin ilkin dəyəri 92 min manat olsa da, sonrakı ödəniş şərtləri ilə ümumi məbləğ 400 min manatdan çox olub.
Məsələ ilə bağlı “Şərur MTK”ya sorğu göndərilsə də, şirkət suallara cavab verməyib.
İsfəndiyar Axundov: “Verdiyi pulu geri alıbdır”
“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov isə məsələ ilə bağlı News365.az-a açıqlamasında şikayətçinin iddiaları ilə razılaşmayıb.
İsfəndiyar Axundov bildirib ki, həmin şəxslər mənzildə uzun müddət yaşayıblar, lakin son iki il ərzində ödəniş etməyiblər.
“8 il orada yaşayıblar. Son 2 il ümumiyyətlə pul ödəməyiblər. Bizim müqavilədə yazılıb ki, iki aydan yuxarı ödəniş olmasa, mənzil geri qaytarılmalıdır. Bu halda mənzilin dəyərinin 20 faizi tutulmalı, qalan pul isə qaytarılmalıdır”, - deyə o bildirib.
İ. Axundovun sözlərinə görə, buna baxmayaraq, şirkət tərəfindən müştəriyə güzəşt edilib və müqavilədə nəzərdə tutulan məbləğ tutulmayıb.
“8 il yaşadıqları dövrdə hər ay 100 manat kirayə pulu tutmuşam. Evi də pis günə qoyublar, mənə ziyan dəyib. Buna baxmayaraq, yazığımız gəlib, onu cəzalandırmamışıq, hörmət etmişik”, - deyə İsfəndiyar Axundov qeyd edib.
O əlavə edib ki, müqaviləyə əsasən, şəxs ödəniş edə bilmədiyi halda mənzildə yaşamağa davam edirsə, kirayə haqqı tutulmalıdır.
“Verdiyi pulu geri alıbdır. Kirayə pulu tutmuşuq. Bundan artıq biz nə hörmət edək? İlkin ödənişin hamısını qaytarmışıq, heç 1 manat da tutmamışıq. 800 manat tutulmalı idi, amma biz cəmi 100 manat kirayə pulu tutmuşuq”, - deyə İsfəndiyar Axundov bildirib.