Ermənistanda saxlanılan hərbçimizlə bağlı diqqətçəkən açıqlama

Ermənistanda saxlanılan hərbçimizlə bağlı diqqətçəkən açıqlama
18:59

Azərbaycan hərbçisinin Ermənistan ərazisində saxlanılması iki ölkə arasında son dövrlərdə baş verən diqqətçəkən insidentlərdən biri kimi gündəmdədir. Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmaması ilə bağlı axtarış elan edilib. Sonradan onun Ermənistan ərazisində olduğu və qarşı tərəfin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyənləşib.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, Nəsimi Musayev həmin ölkədə 2 ay müddətinə həbs edilib. Hadisənin hansı şəraitdə baş verdiyi, hərbçinin necə Ermənistan ərazisinə keçdiyi və bundan sonra hansı prosedurların tətbiq olunacağı isə diqqət mərkəzindədir.

Məsələ ilə bağlı News365.az-a danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, hərbçinin qarşı tərəfin ərazisinə keçməsi kifayət qədər mürəkkəb hadisədir.

Onun sözlərinə görə, hərbçinin itkin düşməsi ilə bağlı Azərbaycan tərəfindən Ermənistan tərəfinə dərhal məlumat verilib və onun müxtəlif səbəblərdən xidmət yerindən uzaqlaşa biləcəyi ehtimalı diqqətə çatdırılıb.

“Əsgərimizin itkin düşməsindən dərhal sonra Azərbaycanın aidiyyəti orqanları tərəfindən Ermənistan tərəfinə rəsmi məlumat verilib. Bildirilib ki, müəyyən şəraitlə bağlı hərbçinin yolu azması, ərazidən uzaqlaşması və ya postdan geriyə qayıdarkən itkin düşməsi ehtimalı var. Diqqətçəkən məqamlardan biri də odur ki, həmin şəxs nəinki bizim, hətta Ermənistanın müdafiə postlarından da yan keçə bilib. Xüsusilə vurğulanır ki, hərbçinin hər hansı kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması barədə heç bir fakt yoxdur”, – deyə Tərlan Eyvazov bildirib.

Ekspertin fikrincə, hərbçinin xüsusi tapşırıqla hərbi hissədən kənara çıxması ehtimalı ilə bağlı da məsələyə ehtiyatla yanaşmaq lazımdır.

Tərlan Eyvazov qeyd edib ki, hərbçi xüsusi döyüş və ya kəşfiyyat tapşırığı icra etsəydi, bu barədə onun ailə üzvlərinə məlumat verilməsinin zəruri olmadığı qənaətindədir.

“Hazırda məlum olan məlumatlara əsasən, əsgərimiz bizə hələlik məlum olmayan səbəblərdən hərbi hissəni tərk edərək qarşı tərəfin ərazisinə keçib. Azərbaycan və Ermənistanın hərbi idarələri arasında mövcud razılaşmalara əsasən, bu cür hallarda hər iki tərəfin hərbçiləri qarşılıqlı şəkildə təhvil verməsi nəzərdə tutulur. Əgər təsadüf nəticəsində və ya hər hansı başqa səbəbdən hərbçinin hərəkətində xəta baş veribsə, bu məsələ mütləq obyektiv şəkildə araşdırılmalıdır”, – deyə ekspert vurğulayıb.

Tərlan Eyvazov hesab edir ki, hadisənin bütün detalları müəyyənləşdirilmədən hərbçinin hansı səbəbdən Ermənistan ərazisinə keçməsi ilə bağlı qəti nəticəyə gəlmək düzgün deyil.

“Hadisənin siyasi məqsədlər üçün istifadəsinə yol verilməməlidir”

Hərbi ekspert Ermənistan tərəfinin hadisədən siyasi məqsədlərlə istifadə etməsinin mümkünlüyünə də münasibət bildirib.

Onun sözlərinə görə, sərhəd və təmas xəttində müxtəlif səbəblərdən bu tip insidentlərin baş verməsi mümkündür və belə hadisələrə ilk növbədə hüquqi və hərbi müstəvidə yanaşılmalıdır.

“Hazırda Ermənistanda və parlamentdə yaşanan siyasi gərginlik fonunda rəsmi İrəvanın emosiyaların səngiməsini və vəziyyətin sabitləşməsini gözləməsi mümkündür. Bundan sonra əsgərimizin ölkəmizə təhvil veriləcəyi gözlənilir. Hərbçinin qaytarılmasından sonra onunla bağlı hansı hüquqi və inzibati tədbirlərin görüləcəyi isə proseslərin gedişində bəlli olacaq”, – deyə Tərlan Eyvazov bildirib.

Ekspert əlavə edib ki, hazırda əsas məsələ hadisənin tam və obyektiv şəkildə araşdırılmasıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Azərbaycan Müdafiə Nazirliyinin hadisənin təfərrüatları ilə bağlı rəsmi və konkret açıqlamasının verilməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayev Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar axtarışa başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində onun Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Ermənistanın İstintaq Komitəsi isə Nəsimi Musayev barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçildiyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada