İranın regional gücə çevrilməsi və ABŞ-la mümkün qarşıdurmanın Tehranın regiondakı siyasətinə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev isə İranın hazırkı vəziyyətinin onun regional güc kimi qiymətləndirilməsinə əsas vermədiyini düşünür.
News365.az xəbər verir ki, Qüdrət Həsənquliyev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qonşu ölkədə sülhün, sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında marağı var.
“Biz İranın azad, demokratik, güclü iqtisadiyyata sahib rifah dövləti olmasını arzulayırıq. Çünki qonşumuz olması ilə yanaşı, orada soydaşlarımız yaşayır. Güclü İran həm də bizim inkişafımıza töhfə verə bilər”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, İranın mövcud iqtisadi və hərbi göstəriciləri ölkənin regional güc kimi təqdim olunmasına imkan vermir.
Həsənquliyev qeyd edib ki, müharibə nəticəsində İranın blokadası daha da güclənib, hərbi-sənaye kompleksinə ciddi ziyan dəyib, milli valyuta dəyər itirməkdə davam edir. O, həmçinin İranın neft gəlirlərindən asılı olduğunu və ölkə daxilində alternativ fikrə münasibətin də vəziyyətin qiymətləndirilməsində nəzərə alınmalı olduğunu vurğulayıb.
“İran müasir siyasi ədəbiyyatda və müxtəlif akademik təsnifatlarda orta, yaxud regional güc hesab olunmur. İndiki siyasətlə yaxın gələcəkdə də onun belə bir imkanı olmayacaq”, – deputat deyib.
Qüdrət Həsənquliyev regional gücün yalnız ərazi və əhali göstəriciləri ilə müəyyənləşmədiyini bildirib. Onun fikrincə, burada iqtisadiyyat, hərbi imkanlar, texnologiya, diplomatik təsir, sənaye, regional siyasətə təsir imkanları və “yumşaq güc” kimi bir sıra amillər nəzərə alınmalıdır.
Deputat İranın bu göstəricilərin bir çoxunda ciddi məhdudiyyətlərinin olduğunu düşünür. O, Türkiyə və İsrailin də nümunə kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
“300 milyard dollarlıq ÜDM-i və 7,4 milyard dollarlıq hərbi xərcləri olan İran bu göstəricilərdən neçəsinə sahibdir?” – deyə Həsənquliyev sual edib.
“İrandan Azərbaycana hansı təhlükə gözlənilir?”
Deputat Azərbaycanın İran tərəfindən mümkün təhlükə ilə üzləşəcəyi barədə narahatlığını bölüşmədiyini də bildirib.
“İran əhalisinin az qala yarısı Azərbaycan türküdür, bunu heç kim yaddan çıxarmamalıdır. İran rəhbərliyi sülh və ölkəni yenidən qurmaq barədə düşünməlidir”, – deyə o vurğulayıb.
Həsənquliyevin sözlərinə görə, Azərbaycanın mümkün təhdidlərə cavab vermək imkanları var. O, belə bir vəziyyətdə Türkiyə və Rusiyanın da Azərbaycanın yanında olacağını bildirib.
“İran da bunu bilməmiş deyil və ona görə də İrandan heç bir təhlükə gözləmirəm”, – deputat əlavə edib.
Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan İranla münasibətlərdə qarşıdurmadan daha çox iqtisadi əməkdaşlığa üstünlük verməlidir. Onun fikrincə, “3+3” formatına Mərkəzi Asiya respublikalarının da qoşulması ilə daha geniş iqtisadi inteqrasiya modeli formalaşdırıla bilər.
Deputat belə bir əməkdaşlığın regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi inkişafa şərait yarada biləcəyini düşünür.