Fransada etirazlar səngimir: Məktəblilər küçələrə çıxdı

Fransada etirazlar səngimir: Məktəblilər küçələrə çıxdı
19:29

Fransada məktəblilərin təhsil sistemindəki problemlərlə bağlı başlayan etirazları ölkə miqyasında genişlənib. Aksiyalarda müəllim çatışmazlığı, dərs cədvəllərinin həddindən artıq yüklənməsi, məktəblərdəki şərait və digər problemlər əsas narazılıq səbəbləri kimi göstərilir.

News365.az xəbər verir ki, politoloq Turan Rzayev Fransada baş verən hadisələri şərh edərkən bildirib ki, əvvəlcə İl-de-Frans regionunda başlayan etirazlar sonradan ölkənin müxtəlif şəhərlərinə yayılıb. Aksiyalara məktəblilərlə yanaşı, valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri də qoşulub.


Etirazlar zamanı polis müdaxilələri və saxlanmalar da gündəmin əsas mövzularından birinə çevrilib. Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, aksiyalarla bağlı zorakılıqların başlanmasından indiyədək 5 060 nəfər saxlanılıb. Onların 87 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir. 1 802 nəfər barəsində isə hüquqi təqib başlanılıb.

Politoloq hesab edir ki, hadisələrə verilən sərt reaksiya etirazların xarakterini daha da dəyişə bilər.

“Fransada küçə etirazları, əslində, qeyri-adi deyil. Hökumət təhsil sahəsində konkret güzəştlər və real qərarlar ortaya qoysa, etirazlar səngiyə bilər. Amma hökumət hələlik polis gücünə arxalanır və etirazçılara sərt müdaxilə edir. Hətta bir çox yeniyetmə xəsarət alıb və saxlanılıb. Bu da istənilən halda etirazların emosional xarakterini tamamilə dəyişə bilər”, – deyə Turan Rzayev bildirib.

Onun sözlərinə görə, etirazların miqyası artıq yalnız təhsil problemləri ilə məhdudlaşmır. Aksiyaların genişlənməsi və müxtəlif sosial qrupların prosesə qoşulması hökumət üçün əlavə siyasi təzyiq yaradır.

Qeyd edək ki, oktyabrın 6-da Fransada genişmiqyaslı aksiyalar keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün ölkə üzrə 266 min nəfər etiraz aksiyalarına qatılıb. Eyni zamanda, hökumət nümayəndələri ilə etirazçılar arasında dialoqun qurulması istiqamətində addımlar da atılıb.

Fransa Prezidenti Emmanuel Makron da oktyabrın 6-da Yelisey sarayında hökumətin əsas üzvləri ilə vəziyyəti müzakirə edib. Görüşdə Baş nazir Sebastyan Lekornu, daxili işlər naziri Loran Nünez və milli təhsil naziri Eduar Jefre iştirak edib.

Turan Rzayev hesab edir ki, prosesin siyasi nəticələri də ola bilər:

“Qarşıda Fransa prezident seçkiləri var. Seçkilərə altı ay kimi qısa bir müddət qalmış belə aksiyaların baş verməsi istənilən halda Makrona və onun siyasi komandasına reputasiya baxımından təsir göstərə bilər. Bu vəziyyəti siyasi partiyalar mobilizasiya mənbəyinə çevirə bilərlər. Makron aksiyaları yatışdırsa da, seçkilərə ciddi nüfuz itkisi ilə gedə bilər”.


Sizin reklam burada
Sizin reklam burada