İsmayıllıda aqroturizmin inkişaf prespektivləri müzakirə olundu -FOTOLAR

İsmayıllıda aqroturizmin inkişaf prespektivləri müzakirə olundu -FOTOLAR
19 İyn 2026 09:35

“Şəfəq” Ekoturizm ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Kənd yerlərində aqroturizmin təbliği” layihəsi çərçivəsində 18.06.2026-cı il tarixində İsmayıllı rayonun İvanovka kəndində, 19.06.2026-cı il tarixində isə rayonun Basqal kəndində aqroturizmin inkişaf prespektivlərinə dair seminar-müzakirə təşkil edilib.

News365.az xəbər verir ki, qeyd olunan tədbirlər İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşıb. Tədbirlərdə ümumilikdə 40 nəfərdən çox yerli sakin, aqroturizm dəyər zəncirinə daxil olan sahibkarlar, bələdiyyə və yerli icra nümayəndəsi, bu sahəyə maraqlı yerli kənd sakinləri iştirak edib.

Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib, layihənin hədəfləri hər iki tədbirdə iştirakçıların diqqətinə çatdırılıb, mövzuya giriş verilib. Daha sonra müvafiq olaraq İvanovka kənd İƏD üzrə nümayəndəsinin müavini Nikolay Çebotaryev çıxış edərək kəndin aqroturizm üçün əlverişli imkanlarını, dövlətin kənd təsərrüfatına və turizm sahəsinə diqqət və qayğısını qeyd edib, kənddə icra olunan layihələr barədə məlumat verib. Basqal kənd İƏD üzrə nümayəndə Novruz Əsadov isə əlavə olaraq Basqalın tarixi, əhalinin məşğuliyyəti, turizm prespektivləri haqqında məlumatları diqqətə çatdırıb. Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, yerli mədəniyyətin turizmə inteqrasiyası, aqroturizmə biznes yanaşması mövzusunda məlumatları bölüşüb və iştirakşılarla aktiv müzakirələr aparılıb.

Hər iki tədbirin sonunda iştirakçılar müzakirələrin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd ediblər.

Məlumat üçün bildiririk ki, layihənin yekununda kəndlərin aqroturizm imkanlarının təbliği məqsədi ilə KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə İsmayıllı rayonuna 27-28 iyun 2026-cı il tarixində 2 günlük infoturun təşkili nəzərdə tutulub. Qeyd edək ki, layihənin məqsədi kənd təsərrüfatı potensialının turizm imkanları ilə inteqrasiyasını təmin etməklə, kənd yerlərində dayanıqlı iqtisadi inkişafı, yerli icmaların məşğulluğunu və gəlir səviyyəsini artırmaqdır.

 


Sizin reklam burada
Sizin reklam burada