İslamda məşhur firqələrin imam və imamət anlayışı- Tural İrfan yazır

İslamda məşhur firqələrin imam və imamət anlayışı- Tural İrfan yazır
09:27
İslama görə ərəb dilinin də tərif etdiyi kimi "imam" - lider, öndər, başçı anlamındadır. Quranda da belədir. Bəqərə surəsi 124-cü ayədə Həzrət İbrahimin Allah tərəfindən insanlara imam qərar verilməsindən bəhs edilir.
Yasin surəsində Allah hətta Quranın özünü imam adlandırır. Yaxud, İsra surəsi 71-ci ayədə Allah Qiyamət günü hər dəstəni öz imamı ilə birlikdə hesab verməyə çağıracağını vurğulayır.
Yəni, hər dövrün, hər qövmün öz lideri, öz başçısı, məsul şəxsi var.
Namaz ibadətinə öncüllük edənləri də imam adlandırırlar, məsciddə ayinlərə başçılıq edənlər də İslam aləmində imam adlanır.
İslam tarixində bir sıra siyasi öndərlər də siyasi lider mənasında imam adlanıblar: İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Zeyd...
Bir sıra alimlər də elm öncülü mənasında imam adlanıblar. Məsələn, İmam Cəfər Sadiq və digər Əhli Beyt öncülləri, İmam Malik, İmam Şafei, İmam Əhməd, İmam Əzəm, İmam Qəzzali və başqaları.
Fəqət İslamın imam anlayışını sonradan təhrif edərək ilahi məqam, Allah tərəfindən təyin olunmuş peyğəmbərlik kimi xüsusi bir imtiyaz olaraq qəbul edənlər də oldu.
Məsələn, İsmaili məzhəbinə görə İmam hətta peyğəmbərlərdən belə üstün bir obrazdır. Bir növ Allahın insan formasında təzahürüdür. O, gah göydə, gah yerdə olur, müəyyən vaxtlarda qeybə çəkilir və qayıdır, yaradır, öldürür. Allah onları "külli əql" olaraq xəlq edib və bir növ kainatın idarəsini onlara tapşırıb. Hazırda 49 İsmaili imamı var, sonuncusu Ağa Xandır. İsmaililər əsasən Pakistan, Hindistan, Livan, Suriyada çoxluqda yaşayırlar.
Sonralar bu firqə fərqli qollara və fərqli imamət anlayışına parçalanıb. Druzlar da İsmaililikdən ayrılıblar, onlar Fatimi xəlifəsi Əl Hakimi məhz Allahın yerdəki təcəssümü olaraq qəbul edirlər və onun yenidən zühurunun intizarını çəkirlər. Druzlar əsasən İsrail, Suriya və Livanda çoxluq təşkil edirlər.
Zeydilər də İmamın dini və siyasi lider anlayışını ilk qəbul edənlərdəndir. Onlara görə İmam adil, alim, mücahid və Həsən, Hüseyn soyundan olmalıdır. Amma imamın məsum, qeybi bilən, Allah tərəfindən təyin olunan anlayışını qəbul etmirlər. Əfzəl olan imam olduğu halda ondan az fəzilətli olan da məqbuldur. Onu devirib daha fəzilətli olanı gətirməyə ehtiyac yoxdur. Bu minvalla onlara görə Peyğəmbərdən sonra İslam ümmətinin başına keçən Həzrət Əbu Bəkr və Həzrət Ömərin fəzilətindən İmam Əlinin fəziləti daha üstün olsa da belə əvvəlkilərin də imaməti məqbuldur.
Keysaniyyə təriqətinə görə İmam demək, Peyğəmbərdən sonra başa keçən ədalətli və elmli şəxsdir. Lakin Haşimi soyundan olması lazımdır, təkcə Həsən, Hüseyn yox, İmam Əlinin başqa övladlarının və əmisi Abbasın da soyundan ola bilər. Beləcə onlar İmam Hüseyndən sonra İmam Əlinin başqa arvaddan olan oğlu Məhəmməd Hənəfiyyənin imamlığını irəli sürürdülər. Ondan sonra da onun oğlu Əbu Haşimin. Əbu Haşim də böyük siyasi mübarizələr apararaq nəticədə Əməvilərin devrilib Abbasilərin hakimiyyətə gəlməsinə vəsilə oldu. Keysaniyyəyə görə İmamın məsum, qeybi bilən, ilahi təyinatla qərar tutmasına gərək yoxdur.
Xarici, İbadiyyə məzhəbinə görə isə imam - ibadətdə, elmdə öncül olandır və icmaya da liderliyə, yəni imamlığa soy baxımından deyil, fərasət, elm və təqva baxımdan üstün olan şəxs seçki ilə seçilməlidir. Təyinatı, vəsiyyəti yaxud rəhbərin yalnız bir soydan olmasını məqbul görmürlər.
Cəfəri məzhəbinə görə isə elmdə, ibadətdə, ədalətdə üstünlük ilə yanaşı, Peyğəmbərdən sonra ümmətə rəhbərlik edəcək İmam tam başqadır. Bu etiqada görə İmam məsum, alim, qeybi bilən, yalnız Allah tərəfindən təyin olunmuş 12 şəxsdir. Bu şəxslərin sonuncusu İmam Mehdi qeybə çəkilib və naməlum bir dövrdə qayıdacaq...
Əhli sünnə əqidəsinə görə də ibadətdə və elmdə imam anlayışı var. Ümmətin lideri isə ilk dörd Raşidi xəlifələrin üsulu ilə, yəni seçki, şura və rəylə seçilə bilər. Xəlifə yaxud İmam adlanan şəxsin məsum olması, digər fantastik xüsusiyyət və məziyyətləri özündə ehtiva etməsinə, xüsusi soydan olmasına gərək yoxdur.
Mötəzilə məzhəbinin də imam anlayışında seçki əsas şərtdir. Lakin Peyğəmbərdən sonra ilahi təyinat və imamın da yarı tanrı xüsusiyyətlərə malik olması, mütləq xüsusi bir soydan olması inancı yuxdur.
İlahi imamət inancı olan təriqətlərin demək olar ki, hamısı çoxsaylı qollara ayrılıb. Hətta gözlənən İmamın qayıdışına səbri çatmayan məzhəblər özlərindən qondarma imamlar da peyda ediblər. Beləcə tarixdə çoxsaylı "İmam Mehdilər" meydana çıxıb. Bu yaxında ölkəmizdə də səsi çıxan "Əhmədi sülh və bir dini" adlı bir cərəyan da özünü elan etdi. Onlar da əslən İraqdan olan bir - iki seyrəksaqqal Qərb agentini qeybdə olan İmam Mehdinin nümayəndəsi kimi təqdim edirlər...
Normal bir anlayış olan, insanlara özlərindən, öz cəmiyyətlərindən öncüllük edəcək bir simanın adi bir məqamını az qala ilahlıq, peyğəmbərlikdən də üstün fantastik bir obrazda təqdim etməklə bəziləri İmamı yerdən ayırıb göyə yollamaqla imamsız qaldılar...
Sanki Allah insanlara əlçatmaz imam yollayır. Sonra da gah onu qeybə çəkir ya da geri qaytarır. İsmaililərə görə sonuncu qeybə çəkilən İmam, İmam Cəfər Sadiqin böyük oğlu İsmaildir. Keysanilər iddia edir ki, əsl Mehdi İmam Əlinin oğlu Məhəmməd əl Hənəfiyyədir ki, Məkkədə Əbu Qubeys dağında qeybə çəkilib, qayıdacaq. Druzlar Fatimi Xəlifəsi Hakim bi Əmrillahın Misirdə, Müqəddəm dağında qeybə çəkildiyini iddia edərək onun qayıdışını gözləyirlər. Cəfərilər, İmam Həsən Əskərinin oğlu Muhəmmədin əsl Mehdi olduğunu iddia edərək onun İraqın Samirə şəhərində qeyb olduğuna inanır və onu gözləyirlər.
Orta əsrlərdə Səbəilər və Ğurabilər İmam Əlinin özünün ölmədiyini, İsa kimi qeybə çəkildiyini, qayıdacağını təbliğ edirdilər. Bir qədər sonra İmam Cəfər Sadiq vəfat edəndən sonra Tahirilər də onun Mehdi olduğunu, dönəcəyini deyirdilər. Bəşşar Əsədin də soyunun təriqəti olan Əliallahi Nuseyriləri də inanır ki, Əli Allahdır, o Salman Farsini və Həzrət Muhəmmədi yaradıb. Sonra da inandılar ki, təriqətlərini quran Muhəmməd bin Nuseyr İmam Həsən Əsgərinin naibi olaraq peyğəmbər və mütləq imamdır, İmam Əsgəri isə tanrıdır...
Yəni, imaməti normal bəşəri liderlik xarakterindən uzaqlaşdırıb gah yerə endirdilər, gah göyə qaldırdılar, gah gizlədib qeybə çəkdilər, gah da çağırıb Kərbəlada doğradılar.
Çox zaman da qeybdə saxlayıb onun adı ilə fitnə - fəsad yaratdılar. Çünki üzdə olan İmam sərf eləmirdi. Sağlığında İmam Əliyə, İmam Sadiqə də ilahlıq isnad edənləri onlar qəti şəkildə rədd edir, hətta cəzalandırırdılar. Ona görə İmamı "qeybə" çəkib onun adı ilə başladılar yer üzünü qana çalxamağa...
Buyurun!
Tural İrfan, MCP-nin sədr müavini, politoloq