Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda İran ətrafında sanksiyalar, hərbi təzyiqlər və diplomatik danışıqlar prosesi beynəlxalq siyasətin əsas müzakirə mövzularından biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, Tehran həm regional, həm də qlobal güclərlə paralel əlaqələr quraraq danışıqlarda mövqeyini qorumağa çalışır.
Hərbi ekspert Ramil Məmmədli News365.az-a açıqlamasında İran ətrafında gedən siyasi və hərbi prosesləri şərh edib.

O bildirib ki, hazırkı mərhələdə İrana qarşı sanksiyalar və müxtəlif istiqamətlərdə təzyiqlər qısa müddətdə dayandırılmayacaq və proses uzunmüddətli xarakter daşıyacaq.
Ekspertin sözlərinə görə, Tehran danışıqlar masasında mövqeyini qorumaq üçün mövcud vəziyyətdən maksimum yararlanmağa çalışır:
“İran düşünülməməlidir ki, bu danışıqlarda tək və zəif tərəf kimi çıxış edir. Əksinə, öz mövqeyini qorumağa və şərtlərini irəli sürməyə çalışır.”
Ramil Məmmədli qeyd edib ki, İranın siyasi və hərbi mövqeyi təkcə daxili faktorlarla deyil, həm də Rusiya və Çin kimi ölkələrlə münasibətlərdən asılıdır.
O, İran xarici işlər nazirinin son səfərlərini xatırladaraq bildirib ki, bu görüşlər danışıqlar prosesində Tehran üçün əlavə diplomatik dəstək formalaşdırmağa yönəlib:
“Rusiya və Çinlə aparılan müzakirələr İranın ABŞ-la danışıqlarda daha güclü mövqe tutmasına xidmət edir.”
Ekspertin fikrincə, İran bu ölkələrlə koordinasiyalı şəkildə hərəkət edərək beynəlxalq danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır və gələcək mərhələlərdə də bu strategiyanı davam etdirəcək.