Azərbaycan-Ermənistan sülh prosesində hazırkı mərhələ Cənubi Qafqazın gələcək siyasi arxitekturasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, son illərdə əldə olunan nəticələr göstərir ki, proses artıq yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi deyil.

“Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqazın gələcək siyasi arxitekturasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılmasından getmir. Eyni zamanda regionda yeni təhlükəsizlik modelinin, iqtisadi əməkdaşlıq mexanizmlərinin və nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşdırılmasından söhbət gedir”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, prosesin əsas istiqamətlərindən biri əldə edilmiş siyasi razılaşmaların hüquqi baxımdan möhkəmləndirilməsi və davamlı sülh mexanizminə çevrilməsidir.
“Sülh sənədinin imzalanması mühüm siyasi hadisə olsa da, real nəticə onun müddəalarının praktiki şəkildə həyata keçirilməsindən asılı olacaq. Qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması, bir-birinə qarşı ərazi iddialarından imtina və münasibətlərin institusional əsasda normallaşdırılması bu prosesin fundamental sütunlarıdır”, - Tural İsmayılov bildirib.
Politoloq sülh sazişinin yekunlaşdırılması qarşısında müəyyən risklərin də mövcud olduğunu vurğulayıb. Onun fikrincə, əsas risklər siyasi iradənin davamlılığı, Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin prosesə münasibəti və əldə olunmuş razılaşmaların daxili hüquqi mexanizmlərlə uyğunlaşdırılması ilə bağlıdır.
“Burada xüsusilə Ermənistan Konstitusiyası məsələsi diqqət çəkir. Azərbaycan tərəfinin mövqeyinə əsasən, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasının qalması gələcək münasibətlər üçün potensial siyasi risk yarada bilər. Bu səbəbdən məsələ yalnız texniki-hüquqi deyil, uzunmüddətli sülhün təminatı baxımından strateji məsələ kimi qiymətləndirilir”, - deyə o əlavə edib.
Tural İsmayılov hesab edir ki, sülh sazişinin imzalanması regionda siyasi proqnozlaşdırıla bilənliyi artıracaq.
“Azərbaycan-Ermənistan münasibətlərinin düşmənçilik və qarşıdurma çərçivəsindən çıxaraq diplomatik və institusional münasibətlər mərhələsinə keçməsi Cənubi Qafqazın təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə dəyişə bilər. Sərhədin qarşılıqlı etimad, delimitasiya və demarkasiya prinsipləri əsasında tam formalaşdırılması isə uzunmüddətli sabitliyin mühüm elementinə çevriləcək”, - politoloq deyib.
Politoloqun sözlərinə görə, Zəngəzur istiqamətində kommunikasiyaların açılması da həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır.
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi yalnız milli nəqliyyat məsələsi deyil. Bu, eyni zamanda Şərq-Qərb marşrutlarının genişləndirilməsi baxımından regional layihədir. Bu bağlantı Orta Dəhlizin imkanlarını artırmaqla Azərbaycanı Avropa ilə Asiya arasında mühüm logistika qovşaqlarından birinə çevirə bilər”, - Tural İsmayılov vurğulayıb.
O bildirib ki, sülhün iqtisadi dividendləri də kifayət qədər geniş ola bilər.
“Regional kommunikasiyaların açılması ticarət dövriyyəsinin artmasına, investisiya mühitinin yaxşılaşmasına, logistika xərclərinin azalmasına və yeni iqtisadi layihələrin yaranmasına şərait yarada bilər. Azərbaycan üçün isə bu, enerji və nəqliyyat layihələri ilə yanaşı, regional iqtisadi əlaqələrdə mövqelərin daha da möhkəmləndirilməsi deməkdir”, - deyə politoloq qeyd edib.
Tural İsmayılov Azərbaycanın sülh siyasətinin əsas xüsusiyyətinin sülhü yalnız siyasi bəyanat kimi deyil, regionun yeni inkişaf modelinin əsası kimi nəzərdən keçirməsi olduğunu bildirib.
“Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqaz üçün tarixi transformasiya mərhələsidir. Qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması, hüquqi öhdəliklərin dəqiq müəyyənləşdirilməsi və kommunikasiyaların açılması istiqamətində atılacaq addımlar regionu uzun illər davam edən qarşıdurma məntiqindən çıxarıb əməkdaşlıq və iqtisadi inteqrasiya mərhələsinə gətirə bilər. Bu mənada sülh yalnız müharibənin başa çatması deyil, Cənubi Qafqazın gələcəyinin yenidən qurulmasıdır”, - politoloq əlavə edib.