Ermənistanın ticarətində yeni DETALLAR- Azərbaycan nə ixrac edir?- AÇIQLAMA

Ermənistanın ticarətində yeni DETALLAR- Azərbaycan nə ixrac edir?- AÇIQLAMA
10:31

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının sabah bir ili tamam olacaq.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş regionda dayanıqlı sülhə doğru atılan tarixi addımlardan biri kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, həmin görüşdən sonra sülh gündəliyinə sadiq qalan Azərbaycan Ermənistana yanacaq məhsullarının ixracına başlayıb, həmçinin Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Onun sözlərinə görə, bu, iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasını göstərir və regionun inkişafı üçün yeni imkanlar yaradır.

Deputat qeyd edib ki, Azərbaycanın rəsmi statistikasında artıq Ermənistanla ixrac və idxal əməliyyatları da əks olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanın Ermənistana ixracının həcmi 17,1 milyon dollara çatıb.

Bundan əlavə, 2026-cı ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 11 milyon 273 min dollar təşkil edib. Bunun 11 milyon 272 min dolları Azərbaycandan Ermənistana ixracın payına düşüb. Eyni dövrdə Azərbaycan Ermənistandan cəmi 1 min dollarlıq məhsul idxal edib.

Ticarətin strukturuna gəlincə, rəsmi statistikaya görə, Ermənistandan min ədəd kəsilmiş təzə qızılgül idxal olunub. Bununla belə, Vüqar Bayramov hesab edir ki, söhbət re-eksportdan gedə bilər.

O bildirib ki, Azərbaycan bu ilin ilk beş ayında Ermənistana 9 milyon 426 min dollar dəyərində ağır distilyatlar və qazoyllar (dizel yanacağı daxil olmaqla), 1 milyon 167 min dollar dəyərində mühərrik benzini, 672 min dollar dəyərində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və oktan ədədi 95-dən aşağı olan benzin, həmçinin 6 min dollar dəyərində plastmas inşaat detalları ixrac edib.

Deputatın sözlərinə görə, rəsmi statistikadan göründüyü kimi, Azərbaycan Ermənistana yalnız yanacaq deyil, həm də inşaat materialları ixrac etməyə başlayıb.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında artıq ticarət əlaqələri formalaşır. O hesab edir ki, Vaşinqton görüşündən sonra əldə olunan sülhün dayanıqlığının möhkəmləndirilməsi vacibdir. Deputatın fikrincə, bunun üçün Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır və sülh müqaviləsinin imzalanması sülhü daha dayanıqlı və institusional edə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada