Azərbaycan Ukrayna ilə strateji tərəfdaşlığı davam etdirir. Bu əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanır.
Bu fikirləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat bildirib ki, Azərbaycan Ukrayna ilə strateji tərəfdaşlığa sadiqdir və bu mövqe dəyişməz olaraq qalır. Onun sözlərinə görə, Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda Azərbaycanın prinsipial mövqeyini açıq şəkildə ifadə edib.
Rasim Musabəyov qeyd edib ki, Azərbaycan bütün münaqişələrin beynəlxalq hüquq və sülh yolu ilə həllinin tərəfdarıdır. Prezident İlham Əliyev də çıxışında Ukraynada müharibənin dayandırılmasının və problemin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan müharibənin davam etdiyi şəraitdə də Ukrayna ilə əməkdaşlığını davam etdirir və bu ölkəyə müxtəlif istiqamətlərdə dəstək göstərir.
"Xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri zamanı da bir daha bəyan olundu ki, Azərbaycan enerji sahəsində Ukraynaya dəstək verməyə hazırdır. Eyni zamanda ölkəmiz indiyədək Ukraynaya humanitar yardım göstərib və bu dəstək bundan sonra da davam etdiriləcək", – deyə o bildirib.
Rasim Musabəyov vurğulayıb ki, Ukrayna müasir müharibə şəraitində ciddi təcrübə qazanıb. Onun fikrincə, xüsusilə raket, pilotsuz uçuş aparatları və digər müasir hərbi texnologiyalara qarşı mübarizə sahəsində əldə olunan təcrübənin öyrənilməsi Azərbaycan üçün də maraq kəsb edir.
Deputat əlavə edib ki, Azərbaycan xarici siyasətini milli maraqlar əsasında qurur və üçüncü dövlətlərin mövqeyindən asılı olmayaraq, tərəfdaş ölkələrlə münasibətlərini müstəqil şəkildə inkişaf etdirməkdə qərarlıdır.
"Azərbaycan heç vaxt hansısa üçüncü tərəfin istəyinə uyğun siyasət yürütmür. Ölkəmiz milli maraqlarına uyğun olaraq tərəfdaş dövlətlərlə münasibətlərini qoruyur və inkişaf etdirir", – deyə Rasim Musabəyov qeyd edib.