İnsulin müqaviməti orqanizmin insulin hormonuna adekvat cavab verməməsi ilə bağlı yaranan və getdikcə geniş yayılan metabolik pozuntulardan biridir. Bu vəziyyətdə hüceyrələr insulinə qarşı həssaslığını itirir, nəticədə qanda qlükozanın səviyyəsi artır. Orqanizm isə bu balanssızlığı kompensasiya etmək üçün daha çox insulin istehsal etməyə başlayır ki, bu da zamanla ciddi fəsadlara yol aça bilər.
Mütəxəssislərin fikrincə, bu proses uzun müddət davam etdikdə Tip 2 diabet riskini əhəmiyyətli dərəcədə yüksəldir. Xüsusilə artıq çəki, qarın nahiyəsində yağ yığılması, az hərəkətli həyat tərzi və qeyri-sağlam qidalanma insulin müqavimətinin əsas səbəbləri hesab olunur. Bundan əlavə, genetik meyllilik və hormonal pozuntular da bu vəziyyətin inkişafına təsir edə bilər.
İnsulin müqaviməti çox vaxt ilkin mərhələdə açıq əlamətlərlə özünü göstərmir. Lakin bəzi insanlarda səbəbsiz yorğunluq, şirin qidalara meylin artması, çəki yığılması və dərinin müəyyən nahiyələrində (əsasən boyun və qoltuqaltı bölgələrdə) qaralma müşahidə oluna bilər.
Həkimlər vurğulayır ki, bu problemin qarşısını almaq və nəzarətdə saxlamaq üçün həyat tərzində dəyişikliklər əsas şərtdir. Sağlam və balanslı qidalanma, şəkərli və emal olunmuş məhsulların məhdudlaşdırılması, gündəlik fiziki aktivliyin artırılması və bədən çəkisinin normada saxlanılması mühüm rol oynayır.
Bəzi hallarda isə vəziyyətin ağırlığından asılı olaraq həkim nəzarəti ilə dərman müalicəsi də tətbiq olunur. Erkən diaqnoz və düzgün yanaşma insulin müqavimətinin ağırlaşmasının, o cümlədən ürək-damar xəstəliklərinin qarşısını almaqda vacib əhəmiyyət daşıyır.