"Zelenskinin məktubu yeni diplomatik mərhələnin başlanğıcı ola bilər"- AÇIQLAMA

"Zelenskinin məktubu yeni diplomatik mərhələnin başlanğıcı ola bilər"- AÇIQLAMA
15:54

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna Prezidenti Volodymyr Zelenskyy tərəfindən Rusiya Prezidenti Vladimir Putin ünvanlanan məktub beynəlxalq diqqət mərkəzinə çevrilib.

Bu barədə politoloq Elşad Həsənov News365.az-a açıqlamasında danışıb.

Ekspert bildirib ki, son dövrlərdə müharibə daha da intensiv xarakter alıb və tərəflər arasında qarşılıqlı hücumlar artır. Onun sözlərinə görə, Zelenskinin məktubu məhz bu gərgin fonunda diqqət çəkir.

Politoloq qeyd edib ki, Ukrayna lideri məktubunda Putinin uzun illər hakimiyyətdə olduğunu xatırladaraq, bir zamanlar ukraynalıların ona müsbət münasibət bəslədiyini, lakin hazırda vəziyyətin tamamilə dəyişdiyini vurğulayıb.

Həsənovun sözlərinə görə, Zelenski məktubda müharibənin artıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmadığını, Rusiyanın daxilində də təhlükəsizlik problemlərinin yarandığını diqqətə çatdırıb. O, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisində həyata keçirdiyi əməliyyatların bunun göstəricisi olduğunu bildirib.

Politoloq əlavə edib ki, Ukrayna Prezidenti münaqişənin dayandırılması üçün ilk addım kimi əsirlərin tam mübadiləsini, döyüş əməliyyatlarının dayandırılmasını və birbaşa danışıqların başlanmasını təklif edir.

Ekspertin fikrincə, Zelenski məktubunda həmçinin Rusiyada müharibənin sosial-iqtisadi nəticələrinə də diqqət çəkərək, əhalinin artan qiymətlərdən, təhlükəsizlik risklərindən və müharibənin uzanmasından narazı olduğunu vurğulamağa çalışıb.

Politoloq hesab edir ki, hazırda əsas sual Moskvanın bu təşəbbüsə necə reaksiya verəcəyidir. Onun fikrincə, tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənsə də, məktub diplomatik təmaslar üçün yeni müzakirə imkanları yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada