Alimlər insan ömrünü uzatmağın yolunu tapıblar. Aparılan araşdırmalar zamanı orta insan ömrünün ən azı 122 il olmasının mümkünlüyü təsdiqlənib.
Biokimya üzrə tanınmış mütəxəssis Ayşegül Çoruhlu bunun yollarını açıqlayıb. Alim Yaponiya və Amerikada yaşı 100-dən yuxarı olan insanların sayının sürətlə artdığını bildirib: "Çox yaşamaq üçün çox yatmaq lazımdır." Əlbəttə, söhbət 10-12 saatlıq yuxudan getmir. Normal insan sutkada ən azı 8 saat yatmalıdır. Yuxu saatı sistemli olmalıdır. Bir gün gecə, bir gündüz, digər gün isə günorta yatmaq doğru deyil. Sistemli yuxu o deməkdir ki, insan hər gün eyni vaxtda yatıb, eyni vaxtda durmalıdır".
Ayşegül Çoruhlu çox yaşamaq üçün hüceyrələrin yeninəlməsinin vacib olduğunu deyib. Qeyd edib ki, saçlar, dəri, qan hücəyrələri və daxili orqanlarda davamlı olaraq yeninlənmə prosesi gedir: "Bu prosesin normal getməsi, xəstəliklərin yaranmaması üçün orqanizmi təbii enerji qaynaqları, vitamin və minerallarla təmin etmək lazımdır".
Mütəxəssis çox yaşamaq istəyən insanların qida rejiminə riayət etməsinin vacibliyini önə sürüb. Vurğulayıb ki, sağlam qidalanmanın əsas şərtlərindən biri də səhər yeməyidir. O, səhər yeməyi yemədikdə hüceyrələrin sürətlə qocaldığını vurğulayıb: "Günorta yeməyi də çox vacibdir. Amma axşam yeməyi şərt deyil. Mütləq nəsə yemək lazımdırsa, yağsız, yüngül yeməkləri seçməliyik. Məsləhətdir ki, axşam saat 5-dən sonra heç nə yeyilməsin. Amma su içmək olar".
Tanınmış alim tələsmədən qida qəbul etməyi tövsiyə edib: "Biz qaşıqla, yaponlar çubuqla yemək yeyir. Biz yeməyimizi 10 dəqiqəyə bitiririk, onlar isə 30-40 dəqiqə, bəzən isə 1 saat süfrə arxasında əyləşirlər. Biz çörək, şirniyyat yeyirik, yaponlar isə dəniz məsullarına üstünlük verirlər. Yağlı yeməklər və şirniyyat onların qida rasionuna yaddır. Yaponlar təbiətin qoynunda yaşamağa, stressdən uzaq qalmağa üstünlük verirlər. Buna görə də yüz il yaşamaq onların ölkəsində adı hal sayılır".