Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji siyasətinin həm davamlılıq, həm də transformasiya mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Bakıda müxtəlif ölkələrin nazirlərinin və beynəlxalq qurum nümayəndələrinin iştirakı Azərbaycanın dialoq və əməkdaşlıq platforması kimi rolunu təsdiqləyir. Bu, ölkənin xarici siyasətində çoxvektorlu balansın qorunduğunu göstərir.
Toplantıda ölkəmizin uzun illərdir etibarlı enerji tərəfdaşı olduğu bir daha vurğulandı. Xüsusilə Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Cənub Qaz Dəhlizinin əhəmiyyəti ön plana çəkildi. Qlobal geosiyasi gərginlik və enerji bazarlarında qeyri-müəyyənlik şəraitində Azərbaycanın sabit və proqnozlaşdırıla bilən təchizatçı kimi əhəmiyyəti artmaqdadır.
Bu gün Cənub Qaz Dəhlizi artıq təkcə iqtisadi layihə deyil, həm də siyasi sabitlik və enerji təhlükəsizliyi platformasıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, “layihə iştirakçı ölkələr arasında qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq modelini formalaşdırıb. Xüsusilə son 12 ildə müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin fonunda Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilib”.
Artıq Azərbaycan 12 ölkəyə qaz tədarük edir və dövlət başçımızın da qeyd etdiyi kimi, Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Bu gün ölkəmiz ənənəvi karbohidrogen ixracatçısı olmaqla yanaşı, bərpa olunan enerji potensialını da sürətlə inkişaf etdirir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və regional “yaşıl enerji dəhlizi” təşəbbüsləri bu strategiyanın əsas sütunlarıdır.
Bu kontekstdə cənab Prezident həmçinin yaşıl keçidin timsalında enerji strategiyasına da diqqət çəkdi. Rəsmi Bakı COP29-da bəyan etdiyi mövqeyinə sadiqdir.
Belə ki, dövlət başçımızın da vurğuladığı kimi, “faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.
Bir sözlə, Azərbaycan keçid dövründə ənənəvi enerji ilə paralel olaraq yaşıl enerjiyə sərmayələrin artırıldığını bəyan edir. Bu, qlobal enerji transformasiyası kontekstində ən uğurlu model kimi qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir.
Ümumiyyətlə, uğurlu enerji diplomatiyası Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Xüsusilə Amerika Birləşmiş Ştatlarının Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etməsi qarşıdakı planların gerçəkləşməsinə əlavə təkan verir. İşğaldan azad olunmuş ərazilərdə 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemə qoşulub. Əsas hədəf isə bunu 2–3 ilə təqribən ikiqat artırmaqdır.
Cənab Prezident toplantıda çıxışı zamanı maliyyələşmə və yeni layihələrə sərmayə qoyuluşunun vacibliyini xüsusi qeyd etdi. Enerji infrastrukturunun genişləndirilməsi, qaz nəqli güclərinin artırılması və yaşıl layihələr üçün maliyyə mexanizmlərinin yaradılması Azərbaycanın gələcək onilliklər üçün strateji planlamaya üstünlük verdiyini göstərir.