Politoloq Turan Rzayev Azərbaycan–Ermənistan sülh prosesi və Prezident İlham Əliyevnin bu istiqamətdəki fəaliyyətini şərh edib.
News365.az-a açıqlama verən politoloq bildirib ki, Prezident İlham Əliyev Azərbaycan–Ermənistan sülh gündəliyinin təşviqi və dialoqun inkişafına verdiyi töhfələrə görə “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülüb.

O qeyd edib ki, mükafatın adı İspaniyanın Gernika şəhəri ilə bağlıdır və 1937-ci ildə baş verən bombardman nəticəsində şəhərin mülki əhaliyə qarşı hücumun simvoluna çevrildiyi vurğulanır. Bu səbəbdən mükafat sülh təşəbbüslərinə və münaqişələrin diplomatik həllinə töhfə verən şəxslərə təqdim olunur.
T. Rzayev bildirib ki, Prezident İlham Əliyev müharibə mərhələsindən sonra regionda yeni reallıqların formalaşdırıldığını bəyan edib və Ermənistanla sülh danışıqlarının davam etdirilməsinə üstünlük verib.
Politoloqun sözlərinə görə, əvvəl vasitəli, daha sonra isə birbaşa aparılan danışıqlar nəticəsində tərəflər bir sıra məsələlər üzrə ortaq razılığa gəliblər.
O əlavə edib ki, qalib tərəf olmasına baxmayaraq Azərbaycanın danışıqlarda konstruktiv mövqe sərgiləməsi və sərt şərtlər irəli sürməməsi prosesin irəliləməsinə şərait yaradıb.
T. Rzayev bildirib ki, Ermənistan–Azərbaycan sülh danışıqları çərçivəsində Vaşinqtonda Donald Trumpın iştirakı ilə sülh sazişinin paraflanmasına nail olunub.
Politoloq həmçinin qeyd edib ki, hazırda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər keçirilir.
Onun sözlərinə görə, bütün bu proseslər Prezident İlham Əliyevin koordinasiyası ilə həyata keçirilir və regionda sabitliyin təmin olunmasına xidmət edir.
T. Rzayev əlavə edib ki, Azərbaycan rəhbərliyi sülh prosesinə kənar müdaxilələrin qarşısını almağa çalışır və regionda davamlı sülhün təmin olunmasını prioritet hesab edir.