İbadəti yalnız namaz, oruc, həclə məhdudlaşdırmaq yanlışdır. Kitab oxumaq, elm, sənət, peşə öyrənmək də ibadətdir. Yıxılanı qaldırmaq, aca yemək vermək, ümidsizə ümid vermək də ibadətdir.
Bütün növ yaxşılıq etmək ibadətdir. Yaxşı düşünmək, imkanın olmasa da yaxşılıq etməyə niyyətlənmək özü belə ibadətdir. Ən əsası, xeyir verməsən də ziyan verməməyin özü də ibadətdir.
Həzrət Muhəmməd Peyğəmbər buyurub ki, xoş söz sədəqədir. Sədəqə də ibadətdir. Gözəl əxlaq, ədəb, mərifət, qanacaqlı olmaq da ibadətdir.
Peyğəmbər buyurur ki, valideynin üzünə baxmaq da ibadətdir...
Bu sadalanan keyfiyyətlər olmadan qılınan namaz ibadət yox zəlalətdir. Bu barədə Quranda deyilir: "Vay halına o namaz qılanların ki, namazlarından qafildirlər". (Maun surəsi, 4)
Yəni, namazı riya və göstəriş üçün, ticarət məqsədi ilə - namaz verib Cənnət almaq üçün qılırlar. Bunlar möminlər yox, tacirlərdir.
İmam Əli buyurur ki, çox oruc tutanlar var ki, onlara yalnız aclıqları qalar. Yəni, insani keyfiyyətləri kənara atıb yalnız dini ehkamları zahirən icra etmək xilas yolu deyil.
İmam Cəfər Sadiq Həc səfərində ora toplaşan adamların çoxunun heyvan şəklində olmasını səhabəsinə irfan gözü ilə göstərməklə bu ibadətin zahirən icrasının da xilas yolu olmadığını ifadə etmişdi. Yəni, insan mahiyyəti, hədəfi anlamalı və istiqaməti də ona tərəf götürməlidir. Əks halda min illərlə namaz qılmış İblis də xilas olardı. Amma əksi oldu, ona görə ki, mahiyyətdən uzaq düşdü, istiqaməti düz götürə bilmədi.
Odur ki, ibadəti ancaq şəriət hökmləri və namaz, oruc, həclə məhdudlaşdırmaq dinin mahiyyətini təhrif etməkdir.
Həmçinin Peyğəmbər buyurub: "Din səmimiyyətdir."
İmam Cəfər əs Sadiq buyurub: "Din yalnız məhəbbətdir."
Bu səmimiyyətdən, məhəbbətdən uzaq düşüb namaz qılmaq, oruc tutmaq Yezidin namazıdır. Hüseynin namazı isə səmimiyyət, məhəbbət, mərhəmətlə paraleldir.
Tural İrfan, dinşünas