Mətbəxdə ən çox qarşılaşılan problemlərdən biri də pomidorların qısa müddətdə yumşalaraq xarab olmasıdır. Mütəxəssislər isə onların daha uzun müddət təzə qalması üçün effektiv üsulu açıqlayıblar.
News365.az xəbər verir ki, bir çox insan pomidorları soyuducuda və ya üst-üstə yığılmış formada saxlayır. Bu isə həm tərəvəzin təbii dadını dəyişir, həm də çürümə prosesini sürətləndirir.
Ekspertlərin tövsiyəsinə görə, pomidorları sap hissəsi aşağı olmaqla tərs formada yerləşdirmək daha faydalıdır. Bu üsul hava ilə təması azaldır, nəmin qorunmasına kömək edir və sap hissəsindən bakteriya daxil olmasının qarşısını alır.
Qeyd olunur ki, pomidorun alt hissəsi daha sərt olduğundan bu formada saxlanıldıqda əzilmə ehtimalı da azalır.
Mütəxəssislər pomidorların saxlanmadan əvvəl yuyulmamasını da vacib sayırlar. Artıq nəmlik kif və çürümənin yaranmasını sürətləndirə bilər. Buna görə tərəvəzi yalnız istifadə zamanı yumaq məsləhətdir.
Pomidorların günəş şüası düşməyən, sərin və quru mühitdə saxlanılması tövsiyə olunur. Həmçinin onların dərin qabda deyil, geniş və düz səthdə, bir-birinə sıx toxunmadan düzülməsi daha düzgün hesab edilir.
News365.az