Politoloq Turan Rzayev Türkiyənin keçirdiyi “EFES-2026” hərbi təlimlərinin region üçün mühüm mesajlar daşıdığını bildirib.
O, News365.az-a açıqlamasında qeyd edib ki, təlimlər Ankaranın Egey və Şərqi Aralıq dənizində strateji mövqeyini gücləndirmək niyyətini nümayiş etdirir.

Ekspertin sözlərinə görə, Türkiyədə məktəb proqramlarında “Egey dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması da bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir. O vurğulayıb ki, Ankara hazırda Yunanıstanla hərbi qarşıdurma istəməsə də, Egey dənizindəki problemlərin həllində israrlı mövqe tutur.
Politoloq bildirib ki, 20 apreldən başlayan “EFES-2026” təlimləri Türkiyə tarixinin ən genişmiqyaslı hərbi manevrlərindən hesab olunur. Təlimlər əsasən İzmir-Seferihisar bölgəsində keçirilir və ssenarilər Egey coğrafiyasına uyğun qurulub.
Turan Rzayev qeyd edib ki, təlimlərdə amfibiya-desant əməliyyatları, sahilə çıxarma və dəniz-hava koordinasiyası xüsusi yer tutur. Onun fikrincə, bu, Türkiyənin “Mavi Vətən” konsepsiyasını artıq real hərbi doktrinaya çevirdiyini göstərir.
Ekspert əlavə edib ki, təlimlərdə pilotsuz sistemlərin, xüsusilə Bayraktar TB3-ün TCG Anadolu gəmisində sınaqdan keçirilməsi Ankaranın yeni hərbi model formalaşdırmaq niyyətindən xəbər verir. Bu modelin daha mobil və çevik olduğu vurğulanır.
Politoloqun fikrincə, Türkiyə hazırkı beynəlxalq vəziyyəti nəzərə alaraq Egey və Şərqi Aralıq dənizində daha sərt strateji xətt formalaşdırmağa çalışır. O hesab edir ki, “EFES-2026” təlimləri həm NATO standartlarına uyğun güc nümayişi, həm də region ölkələrinə verilən açıq mesaj kimi qiymətləndirilə bilər.