"Hazırkı mərhələdə Pakistan tərəfinin belə bir hücumdan qorxduğu açıq şəkildə görünür. Biz bunu əvvəlki açıqlamalardan da hiss etmişdik. Orada da Pakistan tərəfi açıq şəkildə bəyan etmişdi ki, əgər Hindistandan hər hansı bir hücum olarsa, onlar buna mütənasib şəkildə deyil, daha sərt şəkildə cavab verəcəklər. Bu da göstərir ki, Pakistan belə bir hücum ehtimalından ciddi şəkildə narahatdır."
Politoloq Turab Rzayev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bu qorxuların birincisi ondan ibarətdir ki, baş verən hadisə, xüsusilə Hindistandakı daxili siyasi vəziyyət və xarici mühit nəzərə alındıqda, Hindistan cəmiyyətinin getdikcə daha çox anti-Pakistan mövqeyinə yönəlməsi müşahidə olunur. Hakimiyyətə gələn daha sağçı və millətçi qüvvələrin siyasi ritorikası və hekayəsi də artıq bu gərginliyi artırır. Bu, Hindistan hakimiyyətinə Pakistanla bağlı daha sərt addımlar atmaq üçün əlverişli şərait yaradır, istəsələr də, istəməsələr də prosesin dərinləşməsinə gətirib çıxara bilər. Bu məsələnin bir tərəfidir.
Digər tərəfdən, Hindistan həm iqtisadi, həm də siyasi və hərbi baxımdan daha güclü bir dövlətdir. Bu səbəbdən, Pakistan tərəfi düşünür ki, istər hadisələrə cavab olaraq, istərsə də ümumi strateji məqsədlərlə Hindistan belə bir ssenarini əvvəlcədən planlaşdırmış ola bilər və bu istiqamətdə növbəti, daha böyük addımlar ata bilər. Hindistan bu cür məsələlərdə çox zaman fərqli və sərt davranış sərgiləyir və bu da güc balansının Pakistanın əleyhinə dəyişməsinə səbəb ola bilər."