Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr – ŞƏRH

Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr – ŞƏRH
18:40

Avropada siyasi proseslər son dövrlər yeni mərhələyə qədəm qoyur.

Xüsusilə Almaniyada sağ və ultrasağ siyasi qüvvələrin mövqelərinin güclənməsi ölkənin daxili siyasi kursu ilə yanaşı, Avropanın gələcəyi baxımından da diqqət çəkir. Bu prosesin Almaniyanın ənənəvi siyasi partiyalarına və gələcək koalisiya münasibətlərinə mümkün təsirləri müzakirə olunur. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər də beynəlxalq gündəmin əsas məsələlərindən biri olaraq qalır. ABŞ-nin vasitəçilik təşəbbüsləri fonunda tərəflər arasında mümkün razılaşmanın perspektivi diqqət çəkir. Müharibənin uzanmasının Avropanın təhlükəsizliyinə və dünya iqtisadiyyatına təsirləri də ciddi narahatlıq doğurur. Eyni zamanda, münaqişənin nəticələrinin dünyanın digər bölgələrindəki geosiyasi proseslərə təsiri ilə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir. Xüsusilə Asiyada təhlükəsizlik mühitinin dəyişməsi və yeni qarşıdurma risklərinin yaranması bu baxımdan əhəmiyyətlidir. Bəs Almaniyada sağçıların mövqelərinin güclənməsi ölkənin siyasi sisteminə və Avropaya necə təsir göstərə bilər? Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün aparılan diplomatik səylər hansı nəticəni verə bilər? Mümkün atəşkəs və ya sülh razılaşması Avropaya və dünya iqtisadiyyatına nə vəd edir? 

News365.az xəbər verir ki, 1news.az-ın bu və digər suallarla bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevə müraicət edib.

Müsahibəni təqdim edirik: 

– Almaniyada sağçıların üstünlük qazanması ilə bağlı məsələ gündəmdədir. Ümumiyyətlə, bunun hansı təsirləri ola bilər?

– Almaniyada ultrasağçıların ölkənin vilayətlərindən birində keçirilən seçkilərdə qalib gəlməsi ciddi məsələdir. Amma bu, hələ bütövlükdə Almaniyada üstünlük qazanmaq demək deyil. Yəni Almaniya üçün Alternativ (AfD) partiyasının mühüm səs çoxluğu əldə etməsi anlamına gəlmir. Lakin əlbəttə, belə bir risk var.

Hazırda partiyanın özünün verdiyi mesajlara və açıqlamalara görə, hesab edirlər ki, əgər bu uğurlar davam edərsə, gələcək parlament seçkilərində 40 faizə qədər səs toplaya bilərlər. Əlbəttə, Almaniyada 40 faiz səs toplamaq həmin partiyaya lider siyasi qüvvəyə çevrilmək və hökuməti formalaşdırmaq imkanı yarada bilər. Belə bir təhlükə hazırda mövcuddur.

Bu da ilk növbədə, mən düşünürəm ki, son illərdə, ən azı son 10 il ərzində sosial demokratların, eləcə də hazırda Fridrix Mersin apardığı siyasətin nəticəsidir.

– Son zamanlar Ukrayna ilə Rusiya arasında da ABŞ-nin təşkilatçılığı ilə müxtəlif görüşlər keçirilir. Bəs bununla bağlı, ümumiyyətlə, regiona hansı təsirlər ola bilər? Sizcə, tərəflər arasında hansısa razılaşmanın əldə olunması mümkündür?

– ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün səylər göstərir və çoxsaylı görüşlər keçirilib. Hətta Ankarada Rusiya Prezidenti ilə ABŞ Prezidentinin görüşü də bu məsələlərin həlli, sülhün əldə olunması baxımından çox mühüm idi.

Lakin bütün səylər hələlik nəticəsiz qalmaqdadır. Bu da birbaşa Rusiya Prezidenti Vladimir Putinin inadkarlığı ilə bağlıdır. O, mümkün olsaydı, ümumiyyətlə, bütövlükdə Ukraynanı, bu mümkün olmadıqda isə ən azı Donbası işğal etmək planını qarşısına qoyub. Hələlik bu məqsədlərin heç birinə nail olunmayıb və ona görə də ABŞ nə qədər səy göstərsə də, hələlik sülhə nail olmaq mümkün olmur.

Məsələnin bu qədər uzanacağını əslində ABŞ və onun Prezidenti Donald Tramp da gözləmirdi. Rusiyanın özündə də bu əməliyyata başladıqda onlar heç də bu əməliyyatın sonradan uzun illər davam edəcək müharibəyə çevriləcəyini zənn etmirdilər.

Amma reallıq göstərdi ki, bəli, Ukrayna ordusu özündən qat-qat güclü hərbi potensiala malik olan Rusiyanın hücumlarını dəf etməyə qadirdir və Ukrayna ordusu, Ukrayna əhalisi hələlik bu təzyiqlərə davam gətirir.

İstənilən müharibə resurslara hesablanır. Əgər hansı tərəfin resursları daha tez tükənəcəksə, həmin tərəf məğlub olacaq. Resursları müqayisə etdikdə, əlbəttə, Ukraynanın resurslarını Rusiyanın resursları ilə müqayisə etmək çox çətindir. Çünki Rusiya çox böyük ölkədir və illik 2 trilyon dollar həcmində ümumi daxili məhsulu ilə Ukraynadan çox fərqlənir.

Amma eyni zamanda, Ukraynaya Qərbin bütün dövlətləri yardım göstərirlər və bunun sayəsində məhz Ukrayna Rusiya qarşısında beşinci ildir ki, müqavimət göstərir.

Əslində, beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və digər beynəlxalq sənədlərə istinad etsək, Rusiya işğalçı müharibə aparır. Ona görə də bu işğalın baş tutmasına şərait yaratmamaq və ya imkan verməmək nəinki Ukrayna üçün, eyni zamanda bütün Avropa dövlətləri üçün çox vacibdir.

Əgər bir ölkə güc hesabına digər ölkənin ərazilərini işğal edərsə və bu, nəticəsiz qalarsa, o zaman dünya hamının hamıya qarşı müharibəsinə çevrilə bilər. Məhz belə bir şəraitin yaranmaması üçün Qərb ölkələri, xüsusilə NATO üzvü olan dövlətlər Ukraynaya hərbi dəstəyi davam etdirməli və Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə imkan verməməlidirlər.

– Bəs Ukrayna və Rusiya arasında müəyyən müsbət irəliləyişin əldə olunması regiona necə təsir göstərə bilər?

– Atəşkəs əldə olunarsa və yaxud ümumiyyətlə, bu müharibəyə birdəfəlik son qoyularsa, hər iki halda bundan bütün dövlətlər faydalana bilər.

Çünki əslində, hazırda Avropa İttifaqının üzvü olan və olmayan bütün Avropa dövlətləri Ukraynaya hansı şəkildə yardım etmək haqqında düşünürlər. Bunu etdikcə öz iqtisadiyyatlarına vəsait qoyulması və yaxud öz iqtisadiyyatlarının inkişaf etdirilməsi məsələsi ikinci plana keçmiş olur.

Çünki Ukraynanın məğlubiyyəti bütün Avropa ölkələri üçün də məğlubiyyət anlamına gəlir. Ukrayna Rusiyanın qarşısında Avropanın ön cəbhəsidir. Əgər Ukrayna işğal olunarsa, o zaman növbəti bir ölkənin işğal olunmayacağına heç kim zəmanət verə bilməz.

Nə qədər ki, müharibə davam edir, resursların hamısı, ən azı böyük bir hissəsi məhz müharibəyə sərf olunur. Əgər atəşkəs əldə olunarsa və yaxud müharibəyə birdəfəlik son verilərsə, o zaman, əlbəttə, dövlətlər yenidən öz iqtisadiyyatlarının inkişafına, öz ölkələrinin sosial inkişafının dirçəldilməsinə daha çox diqqət yetirə bilərlər.

Xüsusilə Ukrayna üçün bu, çox önəmlidir. Çünki yüzlərlə şəhərdə, minlərlə qəsəbə və kənddə həyat məhv edilib, yaşayış binaları dağıdılıb, infrastruktur zədələnib. Bütün bunların bərpa olunması üçün hələ on illər lazım olacaq.

Ona görə də müharibənin dayandırılması dünya iqtisadiyyatının bütövlükdə resessiyaya girməməsi baxımından da faydalı ola bilər.

Amma müharibə nə qədər çox davam edirsə, bundan əziyyət çəkən təkcə Rusiya və Ukrayna deyil. Eyni zamanda, beynəlxalq iqtisadiyyat, dünya iqtisadiyyatı özü də bundan əziyyət çəkir. Yanacaq qiymətləri qalxır, qaz qiymətləri artır, dünyanın başqa bölgələrində də oxşar münaqişələr baş qaldırır.

Bir münaqişə nə qədər uzun müddət davam edirsə və onun söndürülməsinə beynəlxalq güclər qadir deyilsə, o zaman dünyanın digər bölgələrində bir-birinə qarşı iddialı olan dövlətlər arasında da münaqişələr yarana bilər.

Məsələn, Uzaq Şərqdə Çinlə Tayvan arasında və ya Çinlə Yaponiya arasında son illərdə, Rusiyanın Ukraynaya qarşı müharibə apardığı dövrdə gərginliyin kəskinləşdiyini görürük.

Əgər Rusiya-Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə başa çatarsa, o zaman Çin də bundan həvəslənərək qonşu ölkələrə qarşı hansısa təzyiqi artıra bilər və yaxud işğal faktorunu həyata keçirə bilər.

Ona görə də müharibənin başa çatması, ən azı müvəqqəti də olsa, atəşkəsin əldə olunması təkcə həmin ölkələr üçün yox, bütövlükdə dünya üçün çox vacibdir.


Sizin reklam burada
Sizin reklam burada