Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə görüşməsi Moskvanın Bakı ilə münasibətləri qorumaqda və imkan daxilində daha da genişləndirməkdə maraqlı olduğunu göstərir.
Bunu Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, hazırda Rusiyaya qarşı müxtəlif sanksiyalar və məhdudiyyətlər tətbiq olunur:
“Bir tərəfdən müşahidə edirik ki, Rusiya telekanallarında Azərbaycana qarşı xoşagəlməz ifadələr səsləndirilir, Azərbaycan səfirliyinin qarşısında müxtəlif təxribat xarakterli aksiyalar keçirilir. Digər tərəfdən isə Rusiya Prezidenti münasibətləri qorumağa və irəli aparmağa çalışır”.
R.Musabəyovun sözlərinə görə, Azərbaycan da qonşu ölkə olan Rusiya ilə münasibətlərin saxlanılmasında və inkişaf etdirilməsində maraqlıdır.
“Ancaq təbii ki, Rusiya ilə münasibətlərə görə özümüzü sanksiyalar altına qoyası deyilik. Müəyyən imkanlar çərçivəsində bu münasibətlər davam etdiriləcək. Eyni zamanda Rusiya da öz növbəsində Azərbaycanın maraqlarına toxunan məqamları mütləq şəkildə nəzərə almalıdır”, – deputat vurğulayıb.