İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ətrafında məhdudlaşdırılmış zonanın genişləndirildiyini açıqlayıb. Bildirilib ki, İranla əvvəlcədən koordinasiya aparmadan həmin əraziyə daxil olan gəmilər müxtəlif məhdudiyyətlərlə üzləşəcək.
SEPAH-ın sözçüsü, briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, yeni məhdudlaşdırılmış zona yalnız Hörmüz boğazını deyil, Oman körfəzi və Ərəb dənizinin müəyyən hissələrini, o cümlədən strateji su yoluna aparan marşrutları da əhatə edəcək.
Möhebbi bildirib ki, əvvəllər düşmən və ya kommersiya gəmilərinin İranla koordinasiya aparmadan əraziyə daxil olması və ya ərazidən çıxması ilə bağlı tədbirlər birbaşa Hörmüz boğazı çərçivəsində görülürdü. İndi isə nəzarət edilən ərazi genişləndirilib.
Onun sözlərinə görə, yeni zonanın dəqiq koordinatları daha sonra açıqlanacaq.
SEPAH rəsmisi vurğulayıb ki, Hörmüz boğazı hərbi tədbirlər üçün əsas meyar olaraq qalacaq. Yeni müəyyən edilən ərazi isə sanksiya və məhdudiyyətlərin tətbiq ediləcəyi zona kimi nəzərdə tutulub.
Möhebbi xəbərdarlıq edib ki, İranla əvvəlcədən razılaşdırılmadan yeni zonaya daxil olan gəmilərə xidmət göstərilməyəcək.
“Əgər gəminin Hörmüz boğazı ilə bağlı xidmətlərə, sığortaya və ya digər xidmətlərə ehtiyacı olarsa, həmin xidmətlərin göstərilməsi mümkün olmayacaq”, – deyə SEPAH sözçüsü bildirib.
O əlavə edib ki, yeni mexanizmin detalları və əhatə dairəsi rəsmi şəkildə daha sonra açıqlanacaq.