Heyvanları döyüşdürməyə görə cəzalar sərtləşdirilir

Heyvanları döyüşdürməyə görə cəzalar sərtləşdirilir
12:40

Azərbaycanda heyvanlara ağrı, əzab və işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi qanunvericiliklə cəzalandırılır.

News365.az xəbər verir ki, pozuntunun nəticəsindən və törədilmə formasından asılı olaraq cərimənin məbləği 500 manatdan 2 000 manatadək artır, heyvanların tələf olması halında isə inzibati həbs də tətbiq oluna bilər.

Heyvanlarla rəhmsiz rəftar edilərək onlara ağrı, əzab və işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulub.

Bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədilərsə, cərimə 800 manatdan 1 000 manatadək təşkil edir.

Rəhmsiz rəftar nəticəsində heyvan şikəst edilərsə, təqsirkar şəxsi 1 000 manatdan 1 500 manatadək cərimə gözləyir.

Ən ağır cəza isə heyvanların tələf olması ilə nəticələnən hallara aiddir.

Belə vəziyyətdə 1 500 manatdan 2 000 manatadək cərimə, yaxud işin hallarından və xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq 1 ayadək inzibati həbs tətbiq oluna bilər.


Sizin reklam burada
Sizin reklam burada