Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Naxçıvana uçuşlarla əlaqədar ona edilən müraciətləri sədarətin diqqətinə çatdırıb.
News365.az-ın məlumatına görə, S.Novruzov deyib ki, Naxçıvana uçuşlarla bağlı problemlər avtobuslarda yaşanan problemlərə bənzəyir.
Deputat qeyd edib ki, gecikmələrlə bağlı sərnişinlərə əvvəlcədən məlumat verilmədiyi üçün narahatlıq yaranır:
“Hamının mobil telefonu var. Ham elektron sistemə qoşulur. Yeni innovasiyalar mövcuddur. Heç olmasa hər bir vətəndaşa mesaj göndərilsin ki, tutaq ki, reys üç saatdən sonraya təxirə salınıb”.
Deputat Naxçıvandan Bakıya uçuşlarla bağlı olduğu kimi, Bakıdan əks istiqamətə həyata keçirilən reyslərdə də eyni problemlərin mövcudluğuna diqqət çəkib:
“Səbəbi nədir? Heç kim də bu məsələləri izah edə bilmir. Vətəndaş hər səhər uzaq bir kənddən taksi tutur, gəlir aeroporta, məlum olur ki, bunun uçuşu gecikir, sabah uçmalıdır, bu gün reysi yoxdur. Və yaxud da ki, buradan gedirlər, deyirlər ki, üç saatdən sonra aeroporta gəlin. İndi ya üç saat bu aeroportda oturmalıdır. Və yaxud da qayıtmalıdır evinə. Üç saatdən sonra yenidən gedib, iki saat da, beş saatdən sonra o yoluna getməlidir. O baxımdan da xahiş edirəm aidiyyəti komitələrimiz müvafiq qurumlar qarşısında məsələ qaldırsınlar. Bununla məşğul olsunlar. Öyrənsinlər, görsünlər bunun səbəbi nədir? Səbəbini də insanlara izah eləsinlər. Təbii ki, insanlar bunu başa düşəcəklər. Blokada şəraitində yaşayan Naxçıvan camaatının heç olmasa bu hüquqları müdafiə olunsun”.
İclasa sədrlik edən 1-ci vitse-spiker Əli Əhmədov problemin kökündə obyektiv səbəblərin olduğunu söyləyib:
“Həqiqət bundan ibarətdir ki, təyyarələrin gecikməsi və belə halların meydana gəlməsi təkcə Naxçıvana aid olan məsələ deyil. Hava şəraitindən əlaqədar və digər ekstremal vəziyyətlə əlaqədar təyyarələrin gecikməsi halları olur. Bununla əlaqədar da sərnişinlər təbii ki, müəyyən çətinliklər yaşayırlar və bununla əlaqədar narahatlıqlar yaranır. Güman edirəm ki, sizin bu fikirləriniz müvafiq orqanlara çatdırılacaq”.