"Hazırda ABŞ-ın sanksiya tətbiq etdiyi əsas üç ölkə var..."- Politoloqdan şərh

"Hazırda ABŞ-ın sanksiya tətbiq etdiyi əsas üç ölkə var..."- Politoloqdan şərh
12 Apr 2025 16:14

"Tənbeh mexanizmləri olmalıdır ki, əgər Rusiya bu tələblərə əməl etməzsə, ABŞ tərəfindən əlavə addımlar atılsın. "

Politoloq Zeynal Əmrəliyev bu sözləri News365.az-a deyib.

"Bu baxımdan Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə müəyyən sanksiyaların, hətta daha güclü sanksiyaların tətbiqi gündəmdədir. Lakin bu sanksiyaların nə dərəcədə effektiv olması sual altındadır. Çünki bu günə qədər Rusiyaya qarşı kifayət qədər sərt iqtisadi məhdudiyyətlər tətbiq olunmasına baxmayaraq, onların real təsiri mübahisəlidir.

Hazırda ABŞ-ın sanksiya tətbiq etdiyi əsas üç ölkə var: Rusiya, İran və son zamanlarda Çin. Məsələn, İran sanksiyaların iqtisadi təsirini ciddi şəkildə hiss edir və bu, ölkənin iqtisadi çöküşü ilə nəticələnir. Tehran rəhbərliyi də bunu dolayısı ilə etiraf edir. Amma Rusiyaya qarşı tətbiq olunan sanksiyaların eyni effekti vermədiyini görürük.

Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya böyük əraziyə və kifayət qədər geniş daxili bazara malikdir, bu da ona vəziyyətdən çıxmaq üçün müəyyən imkanlar yaradır. İkincisi, Rusiyaya sanksiyaları dolayısı ilə yarmağa kömək edən ölkələr mövcuddur – məsələn, İran, Çin və hətta Ermənistan. Bu amillər sanksiyaların real təsir gücünü azaldır

Digər bir məsələ isə rüsum siyasətidir. Tramp hakimiyyətdə olarkən bir çox ölkələrə qarşı rüsum siyasəti tətbiq etsə də, bu siyasət Rusiyaya qarşı tətbiq olunmayıb. Bu da Vaşinqtonun Moskva ilə münasibətləri normallaşdırmaq istəyi ilə izah edilə bilər. Bəzi hallarda Ukrayna məsələsi bir qədər kənara qoyularaq ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin bərpası istiqamətində addımlar atıldığı müşahidə olunur. Bəlkə də Rusiya tərəfi Ukrayna məsələsini gündəmə gətirməklə ABŞ-nın diqqətini bu mövzudan yayındırmağa və ümumi münasibətlərin normallaşdırılmasına nail olmağa çalışır."


Sizin reklam burada
Sizin reklam burada