Son günlər pensiyaların artırılması və təaqüd yaşına baxılması məsələsi yenidən ictimai gündəmdədir. Artan qiymətlər, gəlir–xərc balansındakı dəyişikliklər və demoqrafik tendensiyalar fonunda əhalinin bu sahədə gözləntiləri də yüksəlib. Xüsusilə, 2026-cı ildə pensiyaların nə qədər artırılacağı, həmçinin pensiya yaşının dəyişdirilib-dəyişdirilməyəcəyi barədə suallar daha çox səslənir.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyaları ildə bir dəfə – əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempi səviyyəsində indeksləşdirilir.
Pakistan Füzuliyə uçuşlar təşkil edə bilər” – Rəşad Həsənov
Ekspertin sözlərinə görə, 2026-cı ildə gözlənilən indeksləşdirmə təxminən 9% olacaq:
“Hazırda 9 aylıq əmək bazarı üzrə əməkhaqlarında 9,4 faizlik artım qeydə alınıb. Əvvəlki aylarda müəyyən azalma tendensiyası görünür. Bu meyl növbəti aylarda da davam etsə, pensiyaların təxminən 9% artırılması gözlənilir”.
Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılıb-artırılmaması məsələsi daim aktual mövzu olaraq qalır. Əhalinin demoqrafik vəziyyəti və gözləntiləri pensiya yaşının azaldılması ilə bağlı çağırışlar yaratsa da, hökumət daha çox pensiya sisteminin maliyyə dayanıqlığına fokuslanır.
Ekspert qeyd edib ki, bu çərçivədə bəzən pensiya yaşının artırılması ilə bağlı müzakirələr gündəmə gəlsə də, 2026-cı ildə nə artırılma, nə də azaldılma ilə bağlı ciddi qərar gözlənilmir.
Onun fikrincə, orta və uzunmüddətli dövrdə hökumətin pensiya yaşının artırılması istiqamətində qərar vermək ehtimalı daha yüksək görünür. /// KONKRET.az