Bu barədə news365.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
"Martın 2-i sosial mediada Türkiyə Respublikası vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb. Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb. Qeyd etmək istərdik ki, M.Kılıc “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”, - açıqlamada qeyd olunub.
Bildirilib ki, qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Qeyd edək ki, bir neçə gün öncə Musa Kılıçın diplomunun saxta olduğu barədə sosial şəbəkədə paylaşım edilib.