Fransa Livanda davam edən hərbi əməliyyatlarla bağlı narahatlığını bir daha ifadə edib. Ölkənin xarici işlər naziri Jan-Noel Barrot İsrailin Livandakı hərbi fəaliyyətinin uzadılmasının qəbuledilməz olduğunu bildirib.
News365.az xəbər verir ki, “Le Figaro” nəşrinə müsahibəsində nazir vurğulayıb ki, bölgədəki gərginliyin davam etməsi üçün heç bir əsas yoxdur və Livan regional siyasi proseslərin yükünü daşımalı deyil.
Jan-Noel Barrot deyib: “İran və ABŞ arasında əldə olunması çətin görünən hər hansı razılaşmanın yükü Livanın üzərinə qoyula bilməz. Livan heç bir halda geosiyasi qarşıdurmaların günah keçisinə çevrilməməlidir. Heç nə hərbi əməliyyatların davam etməsini və İsrailin Livanı uzun müddət işğal etməsini haqlı çıxara bilməz”.
Fransalı diplomat qeyd edib ki, İsrail ordusunun hazırkı əməliyyatları 2000-ci ildə başa çatan 18 illik işğaldan sonra Livan ərazisində həyata keçirilən ən genişmiqyaslı hərbi müdaxilə hesab olunur.
Nazir tərəflər arasında planlaşdırılan təmaslara da toxunaraq bildirib: “İstəyimiz budur ki, bu həftə İsrail və Livan hökumətləri arasında keçiriləcək müzakirələr mümkün olan ən əlverişli şəraitdə baş tutsun və regionda sabitliyin bərpasına töhfə versin”.
Qeyd edək ki, Livan və İsrail nümayəndələri arasında danışıqların növbəti mərhələsinin çərşənbə axşamı Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.
News365.az