Bakı Fələstin üçün etibarlı tərəfdaş olaraq qalır

Bakı Fələstin üçün etibarlı tərəfdaş olaraq qalır
14:37

Prezident İlham Əliyevin iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul etməsi Azərbaycan–Fələstin münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri politoloq Turan Rzayev News365.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyev görüş zamanı Baş nazir Məhəmməd Mustafanın Azərbaycana səfərinin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Politoloq qeyd edib ki, Azərbaycan uzun illərdir Fələstin dövlətinin müstəqilliyini tanıyır, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır.

T.Rzayev bildirib ki, Azərbaycanın İsraillə strateji tərəfdaşlığı ölkənin Fələstin məsələsində tutduğu prinsipial mövqeyə zidd deyil.

"Rəsmi Bakı bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir və balanslı xarici siyasət kursu yürüdür. Azərbaycanın İsraillə strateji tərəfdaş olması Fələstin torpaqlarının işğalını dəstəkləməsi anlamına gəlmir. Əksinə, bu balanslı siyasət Azərbaycanın hər iki tərəflə dialoq imkanlarını qorumasına şərait yaradır", – deyə o vurğulayıb.

Politoloqun fikrincə, Fələstinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü Fələstinin Bakının mövqeyinə verdiyi önəmin göstəricisidir.

T.Rzayev hesab edir ki, Azərbaycan İsraillə münasibətlərini qorumaqla yanaşı, Fələstin üçün etibarlı dialoq tərəfi və mümkün vasitəçilərdən biri kimi çıxış edə bilər.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması Fələstinin beynəlxalq platformalarda daha geniş dəstək qazanmasına da töhfə verir. Onun sözlərinə görə, Bakı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyini ardıcıl şəkildə dəstəkləyir.

Politoloq xatırladıb ki, Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyət göstərir, Fələstinin Azərbaycandakı səfirliyinin saxlanılması ilə bağlı xərclər dövlət tərəfindən qarşılanır. O, həmçinin Azərbaycanın uzun illərdir Fələstinə maliyyə, humanitar və təhsil sahələrində dəstək göstərdiyini, o cümlədən UNRWA vasitəsilə mütəmadi humanitar yardım etdiyini və fələstinli tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edib.

T.Rzayevin sözlərinə görə, bütün bunlar Azərbaycanın Fələstin məsələsində prinsipial və ardıcıl siyasət yürütdüyünü göstərir və bu səbəbdən Fələstin rəhbərliyi Bakının mövqeyini yüksək qiymətləndirir.


Sizin reklam burada
Sizin reklam burada