Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, heyvan
bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab
vermədiyini üzə çıxmışdı:
“Bu
bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə
də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara
uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə
verildi. Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa
çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin
olunacaq. Məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə
daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan
satış birjaları (online satış) tətbiq edilsin”.
AQTA sədrinin
bu fikirləri birmənalı qarşılanmayıb. Şoxları onlayn satış fikrini birmənalı şəkildə
rədd edib.
Məsələyə
münasibət bildirən REAL Partiyasının sədri Natiq
Cəfərli deyib ki, hörmətli AQTA, bütün dünya ölkələrində inkişaf
trakteoriyası ənənələrə söykənir. İstənilən halda ənənələr vacib amildir:
“Azərbaycanda
da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi
heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını
alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük
edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq
üçün yox, həm də almaq üçün çıxırlar.
İndi bu ənənələri
məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər. Onlayn birja
kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada
iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq,
çatdırılma neçə təşkil olunacaq?
İnsanda belə
bir təsəvvür yaranır ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin
çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib. Elə bil
kompyuter oyunları həvəskarları olan gəncləri bir yerə yığıblar, onlar da həyatı
kompyuter oyunu sanır, hər şeyi online həll etməyin mümkünlüyünü düşünür,
mal-heyvan saxlayanların əziyyətini anlamırlar, ənənələrə hörmət etmirlər. Bəlkə
də, məsələn, camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər,
kompyuter arxasında oturub “müasirləşirlər”, anlamırlar ki, ənənəsiz, keçmişə
söykənməyən gələcək olmur... “
News365.az