Finlandiya nüvə silahlarına “yaşıl işıq” yandırır: Moskva bunu müharibə siqnalı sayır- ŞƏRH

Finlandiya nüvə silahlarına “yaşıl işıq” yandırır: Moskva bunu müharibə siqnalı sayır- ŞƏRH
09:52

Finlandiya hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsini təklif edib. Bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen açıqlama verib.

Nazir bildirib ki, təşəbbüsün əsas məqsədi potensial rəqiblərə qarşı çəkindirici təsiri artırmaq və NATO çərçivəsində təhlükəsizlik səviyyəsini gücləndirməkdir.

Mövzuya münasibət bildirən politoloq Turan Rzayev News365.az-a açıqlamasında qeyd edib ki, Finlandiyanın bu addımı regionda artan risklər fonunda başadüşüləndir.

Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsinin davam etməsi və yeni münaqişə ehtimalları xüsusilə sərhəd ölkələri üçün təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır.

Ekspert vurğulayıb ki, Finlandiya NATO-nun ən yeni üzvlərindən biri olmaqla yanaşı, alyansın Rusiya ilə sərhədində yerləşir və bu səbəbdən müdafiəsini gücləndirməyə çalışır.

Kremlin mövqeyinə gəlincə, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın bu təşəbbüsünü sərt şəkildə tənqid edib. O bildirib ki, nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsi Moskva tərəfindən “müharibə xəbərdarlığı” kimi qiymətləndirilir.

Politoloq əlavə edib ki, bu qərar Finlandiyanın nüvə silahı istehsal edəcəyi anlamına gəlmir. Daha çox NATO-nun nüvə imkanlarının zərurət yarandıqda ölkə ərazisində yerləşdirilməsi ehtimalını nəzərdə tutur. Bu isə potensial rəqiblərə açıq mesaj xarakteri daşıyır.

Ekspertin fikrincə, təşəbbüsün əsas məqsədi çəkindirmə strategiyasını gücləndirməkdir. Finlandiya hesab edir ki, güclü müdafiə sistemi hər hansı mümkün hücum riskini azaldır və təhlükəsizliyi təmin edir.

Politoloq Turan Rzayev



Sizin reklam burada
Sizin reklam burada