"Təbii ki, bizim əsas məqsədimiz türk mədəniyyətini, türk sənətini və bizə məxsus bütün milli-mədəni dəyərləri dünyaya tanıtmaq, eyni zamanda Türkiyə dostu insanlarla bir araya gəlməkdir. Bakı və Azərbaycan bu baxımdan digər ölkələrdən fərqli və xüsusi əhəmiyyət daşıyır".
News365.az xəbər verir ki, bu sözləri Yunus Emre İnstitutunun sədr müavini Ömer Yıldız "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bütün türk coğrafiyasını birləşdirən ortaq tarix, keçmiş və gələcək var:
"Bu ortaq dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması bizim üçün olduqca vacibdir. Azərbaycan qədim tarixə malik, “Bir millət, iki dövlət” inancı ilə bu günlərə qədər güclü şəkildə gəlmiş qardaş ölkədir. Bu gün biz Şanlıurfa Tanıtım Günləri çərçivəsində, “tarixin sıfır nöqtəsi” adlandırılan və dünyanın diqqət mərkəzində olan Şanlıurfanı Azərbaycana, Bakıya gətirməyin böyük sevincini yaşayırıq. Burada Şanlıurfanın toxuculuq sənayesindən qastronomiyasına, musiqisindən digər mədəni dəyərlərinə qədər şəhərimizə aid bütün zənginlikləri azərbaycanlı dostlarımızla bölüşmək və onları daha yaxından tanıtmaq niyyətindəyik".
Ö.Yıldız bu ilki tədbirin konseptinin fərqli olduğunu vurğulayıb:
"Biz “Yenidən tanış olaq” fikrini özümüzə əsas prinsip seçmişik. Bu səbəbdən tədbirlərimizi bir növ “Tanışlıq Günləri” kimi də qiymətləndirmək olar. Əslində, burada yalnız Şanlıurfanı tanıtmırıq, eyni zamanda Azərbaycanı, Bakını və burada yaşayan insanları daha yaxından tanımaq istəyirik. Tədbirlərin əsas fəlsəfəsi də məhz budur – yalnız özümüzü tanıtmaq deyil, qarşı tərəfi də tanımaq, birlikdə ortaq dəyərlərimizi üzə çıxarmaq və əlaqələrimizi daha da inkişaf etdirməkdir".
İnstitut rəsmisi həmçinin foto sərgisinin açılışının da nəzərdə tutulduğunu diqqətə çatdırıb:
"Sərgiyə gələn ziyarətçilər Şanlıurfanı fotoqrafların obyektivindən görəcək, şəhərimizin tarixi, mədəniyyəti və gözəllikləri ilə daha yaxından tanış olacaqlar. İnanıram ki, bu sərgi Şanlıurfaya olan marağı daha da artıracaq və insanların şəhərimizi ziyarət etmək istəyini gücləndirəcək. Çünki Şanlıurfaya dünyanın müxtəlif yerlərindən gələn insanlar orada gördükləri tarixi məkanlardan, yaşadıqları təcrübələrdən və şəhərin zəngin mədəniyyətindən böyük təəssüratla ayrılırlar".
O, dəstək göstərən qurumlara təşəkkür edərək sözlərini yekunlaşdırıb:
"Bizim üçün ən vacib məsələlərdən biri Türkiyəyə məxsus dəyərləri dünyanın dörd bir tərəfinə çatdırmaq və ölkəmizin daha yaxından tanınmasına töhfə verməkdir. Bu prosesdə bizə dəstək göstərən hər kəsə, xüsusilə Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə, şəhərimizin dəyərli nümayəndələrinə və bu işə töhfə verən iş adamlarına təşəkkürümüzü bildiririk. İnanıram ki, gələcəkdə keçiriləcək bu cür proqram və fəaliyyətlər vasitəsilə həm Türkiyənin, həm də ortaq mədəniyyətimizin dünyada daha geniş şəkildə tanıdılmasına mühüm töhfələr verəcəyik".